YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Çin münasibətləri Avrasiyanın geosiyasi gələcəyinə müsbət təsir edəcək

“Bakıdan Pekinə uzanan dostluq körpüsü təkcə iki ölkənin deyil, bütövlükdə Avrasiya coğrafiyasının gələcəyinə təsir edəcək”. Bu fikirləri deputat Nurlan Həsənov bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan artıq dünyada nəqliyyat-logistika mərkəzinə çevrilib: “Şərqlə Qərbi birləşdirən Zəngəzur dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi layihələr Azərbaycanın dünya ticarətindəki rolunu artırır. Çin üçün isə bu, strateji əhəmiyyət daşıyan “Bir kəmər, bir yol” təşəbbüsünün əsas sütunlarından biri deməkdir.

Prezident İlham Əliyevin qətiyyətli, uzaqgörən və balanslı siyasəti nəticəsində Azərbaycan artıq regionun deyil, dünyanın diqqət mərkəzində dayanan, sözün əsl mənasında strateji oyunçuya çevrilib. Çin kimi nəhəng bir dövlətin rəhbərinin Azərbaycanla əməkdaşlığı yüksək qiymətləndirməsi isə bu uğurun göstəricisidir”.

Millət vəkili əlavə edib ki, ən önəmlisi isə bu görüşün arxasında dayanan dostluq ruhudur: “İlham Əliyevlə Si Cinpin arasında yaranmış qarşılıqlı hörmət və inam, xalqlar arasında daha sıx münasibətlərin qurulmasına yol açır. Bu, yalnız iqtisadi maraqlarla deyil, həm də ortaq gələcəyə olan inamla möhkəmlənir.

Bugünkü Azərbaycan öz milli maraqlarını qətiyyətlə qoruyan, eyni zamanda dünya ilə əməkdaşlığa açıq olan bir dövlətdir. Prezident İlham Əliyevin siyasəti Azərbaycanın beynəlxalq nüfuzunu getdikcə gücləndirir, onu qlobal güc balansında öz sözünü deyən aktora çevirir.

Bakıdan Pekinə uzanan dostluq körpüsü göstərir ki, Azərbaycan təkcə enerji və nəqliyyatla deyil, həm də dostluq, sabitlik və qarşılıqlı hörmətlə dünya üçün dəyər yaradır”.