YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Gürcüstan tərəfdaşlığı regional sabitliyə və inkişafa töhfə verir

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

Aprelin 15-də Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin ölkəmizə rəsmi  səfəri Azərbaycan-Gürcüstan münasibətlərinin dünəninə, bu gününə baxış əsasında qarşıdakı dövrün hədəflərinin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayıb. Hazırda Gürcüstan ölkəmizlə münasibətlərin genişlənməsində maraqlıdır. İqtisadi və geostrateji üstünlüklərindən səmərəli yararlanmaqla yüksək inkişaf fazasına qədəm qoyan və Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan da Gürcüstan ilə münasibətlərə önəm verir. İki dövlət arasındakı əlaqələrin zəngin tarixi var.

Müstəqillik əldə etdikdən sonra diplomatik münasibətlər qurduğumuz ilk dövlətlərdən biri də Gürcüstan olub. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Gürcüstan əlaqələri keçən illər ərzində dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, humanitar və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb. Hər iki ölkə sabitliyə, konstruktivliyə, yalnız yaxın gələcəkdə deyil, həm də uzunmüddətli perspektivdə mehriban qonşuluğa meyil göstərir.

Bu reallıqlar prezidentlərin mətbuata bəyanatlarında xüsusi qeyd edilib ki, əsrlər boyu bizim xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar. Bu gün də bu, belədir. Dövlətlərarası münasibətlər də yüksək səviyyədədir. Həmçinin Prezident İlham Əliyev hazırda Gürcüstan daxil olmaqla Azərbaycanın 12 ölkəyə təbii qaz ixrac etdiyini və bu ixracın Gürcüstan vasitəsilə həyata keçirildiyini diqqətə çatdırıb. Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlərin, yeni inşa edilmiş dəmir yollarının, limanların həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratdığını və Orta Dəhlizin ayrılmaz hissəsinə çevrildiyini vurğulayıb.

Qonşu ölkələrlə əlaqələr strateji siyasi əhəmiyyət kəsb etməklə yanaşı, iqtisadi baxımdan da vacibdir. Çünki Azərbaycan müasir qlobal dünyanın mühüm bir parçasıdır. Regionun inkişafında, o cümlədən, daha böyük bir coğrafiyada əsas qüvvə sayılan Azərbaycan dünyanın ən əsas enerji xəttinin üzərində yerləşən və karbohidrogen ehtiyatları olan bir dövlətdir. Azərbaycan hər zaman yüksək səviyyəli qlobal layihələrin əsas iştirakçılarından biri qismində çıxış edir.

Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi, ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırmağa imkan yaradır.Bu mənada Azərbaycanın Gürcüstanla reallığa çevrirdiyi enerji və nəqliyyat layihələri regional əməkdaşlığın inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri bu əməkdaşlığın bariz nümunələridir. Bütün bunlar isə yalnız iki ölkə üçün yox, bütün tərəfdaşlar üçün təhlükəsizlik və iqtisadi gəlir deməkdir. Qonşu ölkələrlə əlaqələrimiz hər zaman bizim üçün əsas prioritetlərdən biri olub və hər zaman bu istiqamətdə addımlar atılıb.