Xəbərlər
Azərbaycanla Gürcüstan strateji tərəfdaşdır

Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
Ölkələr arasında əlaqələrin inkişafında qarşılıqlı səfərlərin, imzalanan sənədlərin böyük rolu vardır. Azərbaycan xarici siyasətində qonşularla münasibətə xüsusi önəm verir. Bu baxımdan Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan-Gürcüstan siyasi əlaqələri bütün qonşular üçün nümunə ola bilər.
Bu günlərdə Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin ölkəmizə rəsmi səfəri oldu. Bu, Mixeil Kavelaşvilinin Prezident seçildikdən sonra ilk xarici səfəridir. Bu, bir daha ölkələrimiz arasında dostluğun, qardaşlığın növbəti təqdimatı oldu. “Mən çox şadam ki, prezident vəzifəsinə seçiləndən sonra Siz ilk rəsmi səfəri Azərbaycana edirsiniz. Biz bunu Azərbaycanda çox yüksək qiymətləndiririk. Bu, bir daha Gürcüstan-Azərbaycan əlaqələrinin mahiyyətini, xalqlarımızın dostluğunu, qardaşlığını göstərir” söyləyən dövlətimizin başçısı İlham Əliyev bu mühüm məqamı da xüsusi qeyd etdi ki, əsrlər boyu bizim xalqlarımız sülh, mehribanlıq, qardaşlıq şəraitində yaşamışlar. Bu gün də bu, belədir. Dövlətlərarası münasibətlər də yüksək səviyyədədir. Gürcüstan və Azərbaycan birgə bir çox önəmli layihələri icra ediblər və bu layihələr həm ölkələrimiz üçün, xalqlarımız üçün, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıyır. Təbii olaraq siyasi əlaqələr inkişaf edir. Yüksəksəviyyəli təmaslar müntəzəm xarakter daşıyır, siyasi dialoq fəaldır. Yəni, iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir.
İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Qarşılıqlı hörmət və etimada əsaslanan Azərbaycan-Gürcüstan əlaqələri ötən illər ərzində dinamik inkişaf edib, ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə səmərəli əməkdaşlıq formalaşıb. 1996-cı ildə imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimizin strateji tərəfdaşlığının təməlini qoyan sənəddir.
Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. Prezidentlərin mətbuata birgə bəyanatlarında iki dost ölkənin münasibətlərinin dünəninə, bugününə və gələcəyinə bir daha işıq salındı. Cənab İlham Əliyev iki ölkənin enerji və nəqliyyat sahəsində əməkdaşlığından geniş bəhs edərək bildirdi ki, bütün digər sahələrdə də ancaq uğurlarımıza sevinmək olar.
Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır, dost ölkədir. Ölkələrimiz arasında əsrlər boyu dostluq və qardaşlıq münasibətləri olub. Xalqlarımız arasında ənənəvi dostluq davam edir. Hər iki tərəf bu dostluğa, qardaşlığa böyük töhfə verib. Gələcəyə baxış olduqca aydındır. Tərəfdaşlığımızın və dostluğumuzun uzunömürlü olacağına əminlik böyükdür.
Sözügedən səfər ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır. İki ölkə arasında münasibətlərdən danışarkən, ilk növbədə qarşılıqlı səfərlərin say tərkibinə diqqət yetirmək zəruridir. Dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri dinamikliyi ilə diqqətdədir. Bircə bu faktı qeyd etmək kifayətdir ki, dövlətimizin başçısı İlham Əliyev Gürcüstana 11 səfər edib. Bu səfərlərin hər biri münasibətlərə yeni əlavələrin edilməsi ilə diqqətdə olub.
İki ölkə arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığımızın təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrində əldə olunmuş ciddi nəaliyyətlərin əsasını təşkil edir. Bu gün Azərbaycan-Gürcüstan əlaqələrində fəal işbirliyinin müşahidə edilmədiyi hər hansı bir sahə mövcud deyildir. Gürcüstanın Prezidenti bildirdi ki, biz bir sıra ümumi, qarşılıqlı faydalı layihələr həyata keçiririk ki, bu da bütün dünya üçün regionumuzu daha da cəlbedici edir. Cənubi Qafqaz regionunun daha da rəqabətədavamlı, etibarlı və perspektivli olması üçün davamlı sülhün və sabitliyin təmin edilməsi vacibdir. Gürcüstanla Azərbaycan bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir: “Buna görə cənab Prezidentə bir daha təşəkkür etmək istərdim. Gürcüstan həmişə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin güclü tərəfdarı olub. Gürcüstan Azərbaycan və Ermənistan arasında sülh sazişinin bütün bəndləri üzrə danışıqlar prosesinin bu yaxınlarda başa çatmasını alqışlayır. Bu, şübhəsiz ki, regionun potensialının, imkanlarının nümayişində və istifadəsində irəliyə doğru atılmış addımdır. Ümid edirik ki, yaxın gələcəkdə tarixi saziş imzalanacaq və regionda uzunmüddətli, davamlı sülhün təmin edilməsi üçün həlledici təkan olacaq”.
O da qeyd edildi ki, Gürcüstan həmişə Cənubi Qafqazda dialoqun, diplomatiyanın, dinc yanaşı yaşamağın tərəfdarı olub və bu kurs gələcəkdə də davam edəcək: “Ölkələrimiz arasında mövcud olan xüsusi, çoxəsrlik dostluq və ümumi düşünülmüş siyasət bizə regionumuzun rolunu düzgün müəyyənləşdirməyə imkan verib. Əminəm, bizim ümumi gələcəyimizə uğurlu, iqtisadi cəhətdən güclü və firavan Cənubi Qafqaz regionu daxildir ki, burada xalqlarımız öz adət və ənənələri ilə birgə yaşaya biləcəklər, dırnaqarası liberal dəyərlərlə yox”.