YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Zərifə xanım Əliyeva: həyatını insanlara həsr edən alim

Fəsli Nəbiyev

YAP Gənclər Birliyinin sədr müavini

15 aprel – Azərbaycan tibb elminin parlaq simalarından biri olan akademik Zərifə Əziz qızı Əliyevanın anım günüdür. Ömrünü insan sağlamlığına, elmə və cəmiyyətə xidmətə həsr etmiş bu böyük şəxsiyyətin zəngin irsi bu gün də hörmət və minnətdarlıqla yad edilir.

Zərifə xanım Əliyeva 1923-cü ildə Naxçıvanda dünyaya gəlmiş və 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə ilə bitirmişdir. Alim kimi fəaliyyəti 1949-cu ildən başlayaraq, Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda davam etmişdir. Onun elmi fəaliyyəti Azərbaycanda oftalmologiya sahəsinin inkişafında mühüm rol oynamış, xüsusilə də traxoma kimi ağır infeksion xəstəliyin aradan qaldırılmasında həlledici töhfə vermişdir.

Zərifə xanımın tədqiqatları yalnız traxoma ilə məhdudlaşmamış, qlaukoma, peşə patologiyaları, kimyəvi maddələrin göz orqanına təsiri kimi sahələri də əhatə etmişdir. Elmi irsinə 150-dən çox məqalə, 12 monoqrafiya, dərslik və dərs vəsaitləri daxildir. O, Azərbaycanda oftalmologiyanın klinik, nəzəri və praktiki əsaslarını formalaşdıran aparıcı alimlərdən biri olmuşdur.

Onun həkimlik fəaliyyəti ilə yanaşı, ictimai və pedaqoji işi də böyük rəğbət doğurmuşdur. Gənc həkimlərin yetişməsində, onların peşəkar və mənəvi inkişafında xüsusi xidmətlər göstərmişdir.

1981-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülən Zərifə xanım Əliyeva, bu nüfuzlu elmi mükafata layiq görülmüş ilk azərbaycanlı qadın kimi tarixə düşmüşdür. 1983-cü ildə isə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü – akademiki seçilmişdir.

Eyni zamanda, Zərifə xanımın ömür yolunun ən dəyərli səhifələrindən biri də ailəsinə və övladlarına göstərdiyi sevgi və qayğı idi. O, Azərbaycan xalqının dəyərlərini yaşadan, təmkinli, sadə və fədakar Azərbaycan qadını nümunəsi idi.

Zərifə xanım Əliyeva 1985-ci ildə Moskva şəhərində vəfat etmiş, 1994-cü ildə isə cənazəsi Vətənə gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur. Onun 100 illik yubileyi münasibətilə 2023-cü ildə ölkə səviyyəsində silsilə tədbirlər keçirilmişdir.

Zərifə xanımın nurlu xatirəsi, elmi və insani irsi daim yaşayacaq, gələcək nəsillərə ilham mənbəyi olacaqdır.