YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Zərifə Əliyevanın fəaliyyəti geniş və zəngindir

Anar Məmmədov

Milli Məclisin deputatı

Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyeva özünün çoxillik fəaliyyəti dövründə neçə-neçə gözə şəfa bəxş etmiş, ən ağır, mürəkkəb əməliyyatlar aparmış, görmə qabiliyyəti zəif olanların, yaxud tamamilə görməyənlərin qaranlıq dünyasını işıqlandırmışdı. Görkəmli alim oftalmologiyanın müxtəlif istiqamətlərinə aid 150-dən çox elmi məqalənin, 14 monoqrafiyanın, 12 səmərələşdirici təklifin müəllifi kimi dünya tibb elmində silinməz izlər buraxmışdır. Bir alim kimi çox böyük zirvələri fəth etməyi bacarmış Zərifə Əliyevanın əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını qoruyub saxlamaqla oftalmoloqların stolüstü kitablarına çevrilmişdir.

Bəşəriyyətin ən qiymətli sərvəti olan xeyirxahlıq, həya və saflıq fani aləmdə əbədiyyəti, daimi mənəvi ucalığı təmin edir. Yüksək mənəviyyata, mərhəmətli, kövrək qəlbə, ən saf mənəvi dəyərlərə sahib olmuş Zərifə xanım Əliyeva həyatı və əməlləri ilə hələ sağlığında müqəddəslik qazanmış bir şəxsiyyətdir. Onun malik olduğu və qazandığı nə varsa, Allah tərəfindən verilmiş nemətlərdir. Zərifə xanım əsl ziyalılığın genetik yaddaşına malik bir insan idi. Ziyalı zəkası onun bilik və təhsilində, ətrafına yaydığı işıqda, zəriflik, təmkin və nəcibliyində, insanlığa və insanlara sevgisində, sevimli peşəsinə və ailəsinə bağlılığında özünü göstərirdi.

Zərifə Əliyevanın fəaliyyəti geniş və zəngindir. Xeyirxahlığına, yüksək intellektinə, diqqət və qayğısına görə hamının hörmət və məhəbbətini qazanmış bu insan ilk növbədə əsl ziyalı, işıqlı, nurlu şəxsiyyət idi. Sözün həqiqi mənasında bu böyük ziyalının insanlara bəxş etdiyi nur mənəvi paklığından, intellektinin kamilliyindən, şəxsiyyət ucalığından və bütövlüyündən qidalanmışdır.

Zərifə xanım milli oftalmologiyamızın inkişafı üçün çox işlər görmüşdür. Onun arzularından biri də yeni oftalmoloji kompleksin yaradılması olmuşdur. Onun təşəbüssündən sonra Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə həmin kompleksin tikintisinə başlanılmış və istəyi müasir dövrümüzdə gerçəkləşmişdir.

Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilən Zərifə xanım ömrü boyu böyük ictimai iş aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, "Bilik" Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur. O, həm də "Oftalmologiya xəbərləri" jurnalının redaksiya heyətinin üzvü idi.

Zərifə xanım bir həkim, alim və vətəndaş kimi bütün ömrü boyu xalqı üçün çalışmışdı və onun bir həkim kimi səhiyyənin inkişafında oynadığı rol, insanların sağlamlığı yolunda gördüyü işlər, o cümlədən, bir qadın və ana kimi ideal olması və digər onun haqqındakı əbədi xatirələr xalqın yaddaşında daim yaşayır. Bu gün onun müqəddəs ailə çırağını iki gözəl övladı, nəvələri  yandırırlar.  Xalqa xidmət amalını bir ailə ənənəsi kimi yaşadan Prezident İlham Əliyev Zərifə xanımı dərin ehtiramla  xatırlayaraq demişdir: “Onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı. Çünki o həm peşəkar həkim, eyni zamanda çox xeyirxah insan idi. Böyük Lider, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım bütün işlərdə ona dayaq olur, onu dəstəkləyirdi. Hər bir insan üçün valideynləri əziz və müqəddəsdir. Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur”. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva Zərifə xanımın ənənələrini davam etdirir. Yüksək dəyərləri öz şəxsiyyətində birləşdirmiş Mehriban xanım milli-mənəvi sərvətlərimizin qoruyucusudur. O, Azərbaycanda  təhsilin, səhiyyənin, mədəniyyətin və  digər sahələrin inkişafı üçün əlindən gələni edir. Özünün ictimai fəallığı və şəxsi örnəyi ilə müasir Azərbaycan qadınını bütün dünyada ləyaqətlə təmsil edir, Azərbaycan ailəsinin yüksək mənəvi dəyərlərə söykəndiyini və ümumbəşəri ideallar əsasında yaşadığını təcəssüm etdirir.

Heç şübhəsiz, Zərifə xanımın saf ruhu sonsuz bir sevinc duyur ki, onun qəlbən bağlı olduğu, bütün varlığı ilə sevdiyi Azərbaycan indi dünyanın ən güclü dövlətlərindən biri, doğma xalqı isə azad edilmiş torpaqlarında yaşayan, öz müdrik rəhbərinə ürəkdən inanan xoşbəxt xalqdır.

Zərifə xanım Əliyevanın adı bu gün də Azərbaycanda fəxrlə, sonsuz qürur hissi ilə səslənir. Ölkəmizdə ana adının ucalığı, ömür-gün yoldaşının sədaqəti, həkimliyin müqəddəsliyi onun adı ilə əbədiləşir. Ömrünü insanların sağlamlığının qorunmasına həsr etmiş bu nəcib xanım, məhz bütün keyfiyyətlərinə görə hər zaman, hər kəs tərəfindən sevilir, əziz xatirəsi ehtiramla yad edilir.