YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

ADA Forumu dünya siyasətinin vacib gündəliyinə çevrilib

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri

Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində Azərbaycanın əldə etdiyi beynəlxalq nailiyyətlər, Ümummilli Liderin böyük uzaqgörənliklə söylədiyi “Azərbaycan dünyaya günəş kimi doğacaq” fikrinin doğruluğunu bir daha təsdiqləyir. Bu gün Azərbaycan beynəlxalq miqyasda tanınan, öz mövqeyi və nüfuzu ilə seçilən bir dövlətdir.

Müasir dünya siyasətində etibarlı tərəfdaş kimi tanınan və Cənubi Qafqaz regionunun lideri kimi qəbul edilən Azərbaycan uzun illərdir ki, bir çox beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi edir. Bu amil ölkəmizin artan nüfuzunu və sabit tərəfdaşlığını nümayiş etdirir.

Aprelin 9-da ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forum bir daha diqqətləri Azərbaycana yönəldib. Prezident İlham Əliyevin iştirakı ilə keçirilən tədbir beynəlxalq müzakirələr üçün mühüm platformaya çevrilib.

Forumda çıxış edən Azərbaycan Prezidenti dünyada baş verən geosiyasi dəyişikliklərin ölkəmiz üçün yaratdığı yeni imkanlara diqqət çəkib. Dövlətimizin başçısı, xüsusilə enerji təhlükəsizliyi və iqtisadi qeyri-sabitliklər fonunda Azərbaycanın regional və qlobal siyasətdə rolunu qeyd edib. Bu kontekstdə ölkəmizin Avrasiya məkanında enerji mərkəzi kimi artan əhəmiyyəti xüsusi vurğulayıb.

Enerji təhlükəsizliyi sahəsində əldə olunan uğurlar, yeni enerji marşrutlarının inkişafı və infrastrukturun gücləndirilməsi istiqamətində görülən işlər forumda qeyd olunub. Azərbaycan bu istiqamətdə atdığı addımlarla beynəlxalq enerji əməkdaşlığının gücləndirilməsində fəal rol oynayır.

Forum çərçivəsində Ermənistanla münasibətlər məsələsi də gündəmdə olub. Qarabağ münaqişəsinin arxada qalması ilə bölgədə sülh və sabitliyə nail olunmasının vacibliyi vurğulanıb. Dövlət başçısı ölkəmizin suverenliyi və sərhəd təhlükəsizliyi məsələsində prinsipial mövqeyini bir daha bəyan edib.

Tədbirdə, həmçinin ölkənin sosial-iqtisadi inkişaf perspektivləri və innovasiya sahəsində hədəfləri də təqdim olunub. Prezident İlham Əliyev texnologiyaların tətbiqi, xarici sərmayənin təşviqi və islahatların davam etdirilməsi istiqamətində planlardan bəhs edib. Azərbaycanın beynəlxalq münasibətlərdə daha da güclü və nüfuzlu mövqe əldə etməsi məqsəd kimi önə çəkilib.

Nəticə etibarilə, ADA Universitetinin ev sahibliyi etdiyi bu forum bir daha nümayiş etdirdi ki, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınan Azərbaycanın strateji əlaqələri genişlənir, dostlarının və tərəfdaşlarının sayı artır, beynəlxalq mövqeyi isə durmadan möhkəmlənir.

DİGƏR Xəbərlər Arxiv