Xəbərlər
Yeni dünya nizamında qlobal miqyasda Azərbaycanın rolu

Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri
Azərbaycanın dinamik inkişafı, bütün sahələri əhatə edən məqsədyönlü islahatlar və əldə edilən nailiyyətlər beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. Azərbaycan bu gün çox az ölkələrdəndir ki, dünyada sülhə və təhlükəsizliyə çox böyük töhfələr verir. Ölkəmizdə tez-tez keçirilən qlobal miqyaslı forumların da əsas məqsədi və hədəfi bu istiqamətdə beynəlxalq aləmə çağırışlar etməkdir. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət, dünya miqyasında nüfuzlu siyasətçi imici, liderlik xüsusiyyətləridir ki, bu gün ölkəmiz böyük imicə sahibdir. Azərbaycanın artan beynəlxalq nüfuzu, beynəlxalq məsələlərin tənzimlənməsində mühüm rol oynayır.
ADA Universitetində aprelin 9-da keçirilən “Yeni dünya nizamına doğru” adlı beynəlxalq forum, regional və qlobal miqyasda mühüm əhəmiyyətə malik tədbirlərdən biridir. Forum dünyada baş verən mürəkkəb geosiyasi, iqtisadi və ekoloji proseslərin fonunda təşkil olunur. Tədbir iştirakçıları qlobal sabitliyə, təhlükəsizliyə və davamlı inkişafa təhdid yaradan amilləri müzakirə edir və bu problemlərə qarşı birgə yanaşmaların formalaşdırılmasına töhfə verir.
Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər səfərlər Azərbaycanı daha yaxşı tanımağa, ölkənin nəbzini duymağa imkan yaradır
Forum çərçivəsində yeni dünya nizamı kontekstində regional əməkdaşlıq, iqtisadi inteqrasiya, enerji təhlükəsizliyi, rəqəmsallaşma, süni intellekt və digər çağırışlar müzakirə olunur. Bu da gələcəyə yönəlmiş siyasətlərin və strategiyaların işlənməsinə şərait yaradır. Prezident İlham Əliyev beynəlxalq forumdakı çıxışında son illərdə əldə olunan uğurlardan və gələcək perspektivlərdən geniş söhbət açıb. Ölkə başçısı deyib: "Bir neçə dəfə belə tədbirlər keçirilib. Müxtəlif ölkələrdən gəlmiş ekspertlər Azərbaycana səfər etdilər və qlobal gündəlikdə duran məsələləri müzakirə etdilər. Bütün bu səfərlər Azərbaycanı daha yaxşı tanımağa, ölkənin nəbzini duymağa imkan yaradır".
Ölkəmizin növbəti qələbəsi və uğuru
Dünyanın ən böyük və ən mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin daha bir əlamətdar qələbəsidir. Bu, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi və Təhlükəsizlik Şurasına üzv olmasından sonra Azərbaycan dövlətinin xarici siyasətinin ən böyük uğurudur.
Dövlətimizin başçısı COP29 iqlim konfransının gerçəkləşdiyi günlərdə Azərbaycanın Qlobal Cənub ilə Qlobal Şimal arasında ünsiyyətin qurulmasına uğurla nail olduğunu qeyd edib. “Biz, həmçinin Qlobal Cənub ilə Qlobal Şimal arasında ünsiyyətin qurulmasına nail olduq. Bu da qarşımıza qoyduğumuz vəzifənin icrası idi. COVID-i idarə etmək, COP-a evsahibliyi etmək, – yeri gəlmişkən, ilin sonuna qədər biz sədrlik edəcəyik, bütün bunlar onu göstərir ki, gündəliyimiz aydındır”. Bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.
Uğurlu xarici siyasət ölkəmizin dostlarının və tərəfdaşlarının sayının artmasını şərtləndirib
Azərbaycanın Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumlarda mövqeyinin möhkəmlənməsi, Avropa İttifaqı və digər bir sıra təşkilatlarla tərəfdaşlıq münasibətlərinin inkişafı müsbət və təqdirəlayiq haldır.
Beynəlxalq aləmdə 120 ölkə arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi dövründə ən uğurlu dövrünü yaşamış oldu. Ölkəmizin Qoşulmama Hərəkatına üzv olduqdan cəmi 8 il sonra ölkələrinin yekdil qərarı ilə təşkilata sədrlik etmək kimi statusa malik olması Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini gücləndirməsi, ikitərəfli və çoxtərəfli münasibətlərini inkişaf etdirməsi baxımından ölkəmizə mühüm dividendlər gətirir. Azərbaycan Qoşulmama Hərəkatına sədrliyinin COVID-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı zamanda Bakı qlobal liderlik rolunu üzərinə götürdü, qlobal problemin öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk dövlətlərdən oldu.
Eyni zamanda Prezident İlham Əliyev beynəlxalq forumdakı çıxışında Azərbaycanın Türk dünyası dövlətləri arasında əməkdaşlığa hər zaman öz dəstəyini verdiyini də bildirib. “Bizi tarix, etnik köklər birləşdirir. Dillərimiz arasında oxşarlıqlar var, mədəniyyətlərimiz, adət-ənənələrimiz kifayət qədər oxşardır”, – deyən dövlətimizin başçısı əlavə edib: “İstərdik ki, bu təşkilat, yəni Türk Dövlətləri Təşkilatı daha güclü olsun və nəticələrə köklənsin. Bu baxımdan Azərbaycan hər zaman əlindən gələni edib. O ki qaldı, üzv dövlətlər arasında qarşılıqlı əlaqələrə, bizim aramızda çox yaxşı mühit var”.
Azərbaycan və Ermənistan arasında saziş imzalananda əməkdaşlığın başlanılmasına heç bir maneə qalmayacaq
Azərbaycan regionda mühüm söz sahibi və sabitləşdirici qüvvə kimi çıxış edərək beynəlxalq əməkdaşlığın güclənməsinə töhfə verir. 2020-ci ilin Vətən müharibəsində qazanılan tarixi Qələbə və ərazi bütövlüyünün bərpası ölkəmizə olan marağı daha da artırıb. Suverənliyini və ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın bir çox dövlətlərlə münasibətlərinin daha da dərinləşməsi, yeni strateji səviyyəyə çatdırılması üçün böyük əhəmiyyət kəsb edən qərar, sənədlər qəbul edilib, layihələr reallaşıb ki, bu da dövlətlərarası əlaqələrin sürətlə inkişafına təkan verib. Dövlətimizin başçısı bildirib: "Azərbaycanın tarixi ərazilərinin azad edilməsindən sonra ekspertlərin azad edilmiş ərazilərə səfəri ölkəmizin, münaqişənin tarixi haqqında, həmçinin Azərbaycanın bugünkü reallıqları barədə daha çox məlumat verir". Azərbaycan Ermənistanla münasibətlərin sülh yolu ilə həllinə töhfə vermək üçün ciddi addımlar atır. Prezident İlham Əliyev çıxışında deyib: “Siz dünən əfsuslar olsun ki, bir çox illər ərzində - otuz ildən artıq müddətdə erməni separatizminin mərkəzi olan Xankəndi şəhərini ziyarət etdiniz. Əslində, Ermənistanın dəstəklədiyi və maliyyələşdirdiyi separatçı hərəkat bu şəhərdə, Azərbaycanın əzəli torpağında başlamışdır. Xankəndi adının özü onun Azərbaycan mənşəyini və kökünü, Xanın kəndi olduğunu nümayiş etdirir”.
Bu forumda iştirak edən beynəlxalq ekspertlər Azərbaycanın müharibə zamanı təmkinli yanaşmasını və mülki infrastrukturun qorunmasını vurğulamışlar. Onlar həmçinin müharibə nəticəsində yüz minlərlə qaçqın və məcburi köçkünün doğma evlərinə qayıtmaq imkanı əldə etməsini qeyd ediblər.
Azərbaycan dünyada güclü dövlətə çevrilib
Azərbaycan hazırda mühüm geosiyasi aktor kimi regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Azərbaycan öz xarici siyasətini, dövlət siyasətini dünya dövlətlərinin siyasəti ilə uzlaşdırır, konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional və qlobal miqyasda sabitliyə xidmət edən siyasi xətt yürüdür. Belə olan halda, Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri beynəlxalq münasibətlər sisteminin aparıcı dövlətləri və güc mərkəzləri üçün də strateji əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar.
Azərbaycan həmişə Türkiyə və İsraili arasında münasibətlərin yaxşı olmasını istəyir
“Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib. İlk böhran zamanı biz fəal rol oynadıq ki, bu iki ölkənin mövqeyini bir-birinə yaxınlaşdıraq”. Bu sözləri Prezident İlham Əliyev dünən ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib. Hər iki ölkənin Azərbaycanın yaxın dostu olduğunu diqqətə çatdıran dövlətimizin başçısı əlavə edib: “Türkiyə ilə müttəfiq ölkəyik. Biz 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışıq və rəsmi olaraq müttəfiqik”. İsrailin də Azərbaycan üçün dost ölkə olduğunu vurğulayan Prezident deyib ki, bu qarşılıqlı dostluq müxtəlif çətin vəziyyətlərdə uzun illərdir özünü büruzə verib. Ona görə də bu iki ölkə arasında olan hər hansı bir anlaşılmazlıq bizi narahat edir.
Beləliklə, Bakıda ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən 7-ci ADA Siyasi Forumu da, məhz dünyada nüfuzu getdikcə artan və regionda aparıcı aktora çevrilən Azərbaycanın beynəlxalq nüfuzunu, beynəlxalq məsələlərin tənzimlənməsində qlobal miqyasda mühüm rol oynadığını bir daha ortaya qoyur. Forum 44 ölkədən 80-dən çox beynəlxalq ekspert, beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə keçirilib.
Ümumilikdə, bu forum Azərbaycanın beynəlxalq əlaqələrini gücləndirməsi, regional sülhün təşviqi və azad edilmiş ərazilərin bərpası istiqamətindəki səylərini nümayiş etdirmişdir.