Xəbərlər
Yeni dünya nizamına doğru: ADA Forumu qlobal əməkdaşlığın inkişafına töhfə verəcək

Bədəl Bədəlov
Milli Məclisin deputatı
Aprelin 9-da ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forum müasir dünya siyasətində əsas dəyişikliklər və qlobal təhlükəsizlik məsələləri ilə bağlı mühüm müzakirələrə zəmin yaradıb. Forumda geosiyasi reallıqlar fonunda ölkəmizin beynəlxalq mövqeyi, təhlükəsizlik siyasəti və regional rolu ətraflı şəkildə təhlil olunub. Prezident İlham Əliyevin bu forumda çıxışı dövlətimizin güclü xarici siyasətini və müstəqil inkişaf yolunu qətiyyətlə nümayiş etdirir.
Azərbaycanın reallaşdırdığı irimiqyaslı layihələr regional təhlükəsizlik və sabitliyin təmin olunmasında mühüm rol oynayır. Dövlətlərarası əlaqələr, həmçinin beynəlxalq səviyyədə qarşılıqlı fayda və həmrəylik prinsipləri əsasında inkişaf edir. Lakin Ermənistan 30 il ərzində yürütdüyü işğalçı siyasəti nəticəsində Azərbaycanın müəllifi olduğu enerji layihələri və tranzit marşrutlarından kənarda qalıb. Nəticədə, Ermənistan öz gələcək iqtisadi perspektivlərinə və strateji mövqeyinə ciddi ziyan vurub. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının Cənubi Qafqaza nisbətən inteqrasiya olunmuş region kimi inkişaf etməyə imkan vermədiyini bildirən dövlətimizin başçısı qeyd edib ki, bizim hamımızın buna imkanı var idi: “Lakin Azərbaycan xalqına qarşı təcavüz və onun iztirabı bunun reallaşmasına imkan vermədi. Beləliklə, Cənubi Qafqaz inteqrasiya olunmamışdı. Buna baxmayaraq, iqtisadi və nəqliyyat marşrutları və əlbəttə ki, enerji təhlükəsizliyi nöqteyi-nəzərindən bu, baş verə bilərdi. Azərbaycanla Gürcüstan arasındakı münasibətlərə baxsaq, indicə qeyd etdiyim enerji təhlükəsizliyi, daşımalar, siyasi dialoq, investisiyalar, iqtisadi üstünlüklər kimi bütün bu seqmentləri görə bilərik. Beləliklə, Ermənistan, əslində, özünü bütün bunlardan məhrum etdi, işğal və təcavüz nəticəsində özünü tranzit ölkəsi, Azərbaycanın enerji resursları və nəqliyyat marşrutları üçün önəmli tranzit ölkəsi olmaqdan məhrum etdi...”.
Neft, qaz və ya yük daşımaları olmasından asılı olmayaraq, Azərbaycandan gələn bütün tranzitin Gürcüstandan keçdiyini bildirən Prezident İlham Əliyev diqqətə çatdırıb ki, Ermənistan bu prosesin bir hissəsi ola bilərdi. Dövlətimizin başçısı vurğulayıb ki, gələcəkdə cərəyan edəcək hadisələrin düzgün hesablanılmaması və gələcək iqtisadiyyatını, “böyük Ermənistan” arzusu olan həqiqi müstəqilliyini qurban verməsi onların təqsiridir.
Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərqərar olması, həmçinin regional sabitliyin təmin olunması istiqamətində atdığı addımlar beynəlxalq hüquq və ədalət prinsiplərinə tam uyğundur. 30 il ərzində davam edən işğaldan sonra ölkəmiz öz haqqını bərpa etmək üçün güclü siyasi və hərbi iradə nümayiş etdirmişdir. Ermənistanın təxribatçı fəaliyyətlərinə baxmayaraq, heç bir xarici təzyiq dövlətimizin mövqeyini zəiflədə bilməz. Bu kimi amillər Azərbaycanın milli maraqlarına və təhlükəsizlik məsələlərinə sadiq qaldığını, regionda güclü və əmin addımlarla irəlilədiyini təsdiq edir. Azərbaycan Prezidenti çıxışında vurğulayıb: “2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktına imza atdı və tarixdən hamımız bilirik ki, bir ölkə kapitulyasiya edəndə onun başına nə gəlir. Lakin bu, baş vermədi. Beləliklə, Ermənistan sanki Azərbaycan xalqının 30 illik işğal iztirabı olmamış, 44 günlük müharibə olmamış kimi davranmağa davam etdi və öz dırnaqarası dostlarından pis məsləhətlər aldı. Yeri gəlmişkən, bu proses hələ də davam edir. Baxmayaraq, biz dəfələrlə onlara xəbərdarlıq etmişik ki, onlar istər köhnə, istərsə də yeni dostları hesab etdikləri dairələrə bel bağlamamalıdırlar. Çünki onlar burada bizimlə üz-üzə qalacaqlar. Bizim maraqlarımızı, beynəlxalq arenada olan siyasi maraqlarımızı müdafiə etmək üçün kifayət qədər siyasi iradəmiz var və bizi siyasətimizdən döndərəcək hər hansı bir beynəlxalq təzyiqə məruz qoymaq mümkün deyil. Beləliklə, hərbi nöqteyi-nəzərdən istər İkinci Qarabağ müharibəsi olsun, istərsə də 2023-cü ilin sentyabrında keçirilmiş antiterror əməliyyatı olsun, bundan sonra hərbi potensialımızı gücləndirmək üçün etdiklərimiz tamamilə anlaşılandır”.
Forumda Prezident İlham Əliyev çıxışında Azərbaycanın qlobal enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində genişmiqyaslı fəaliyyətindən bəhs edib. Bu sahədə həyata keçirilən layihələr regionun enerji təminatında mühüm rol oynamaqla yanaşı, beynəlxalq əməkdaşlığı daha da gücləndirir. Azərbaycanın enerji siyasəti enerji ehtiyatlarının səmərəli paylanması ilə məhdudlaşmır, eyni zamanda, iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə əhəmiyyətli rol oynayır. Dövlətimizin başçısı, həmçinin Azərbaycanın beynəlxalq iqlim təşəbbüslərində fəal mövqeyini vurğulayaraq, gələcəkdə daha müasir enerji texnologiyalarına keçid və ekoloji dayanıqlı inkişafa yönəlmiş layihələrin əhəmiyyətini diqqətə çatdırıb.
ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən 7-ci ADA Siyasi Forumu Azərbaycanın dünya siyasətindəki mövqeyini nümayiş etdirərək dövlətin müstəqil və inamlı xarici siyasətinin bariz təzahürü kimi diqqət çəkir. Prezident İlham Əliyevin çıxışları Azərbaycanın beynəlxalq münasibətlərdə fəallığını, hərbi və siyasi sahələrdə islahatları, eləcə də enerji və ekoloji məsələlərdə fəal iştirakını bir daha ön plana çıxarıb. Bu tədbir, həmçinin ölkəmizin gələcəkdə qlobal nizamın formalaşmasında və regional sabitliyin təmin edilməsində mühüm rol oynayacağını bir daha təsdiqləyır.