Xəbərlər
Avropanın enerji xəritəsini yenidən tərtib edən layihə

Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri
Aprelin 4-də Bakıda, “Gülüstan” sarayında keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında çıxışlarda səsləndirilən çağırışlar bu gün ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır. 2015-ci ildən etibarən isə Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantıları mütəmadi olaraq keçirilməyə başladı. Bu görüşlər layihənin beynəlxalq səviyyədə əlaqələndirilməsinə, tərəfdaş ölkələrlə əməkdaşlığın gücləndirilməsinə və Cənub Qaz Dəhlizinin uzunmüddətli dayanıqlığının təmin edilməsinə xidmət göstərir. Bu gün Cənub Qaz Dəhlizi təkcə Azərbaycanın deyil, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinin əsas dayaqlarından birinə çevrilib. Azərbaycanın qətiyyətli siyasəti və uğurlu enerji strategiyası nəticəsində bu layihə tam gücü ilə işləyir, ölkəmiz beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimindəki çıxışı zamanı Prezident İlham Əliyev layihənin əhəmiyyətini bu sözlərlə ifadə etdi: “Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi məsələlərinin həllinə də kömək göstərəcək. Bu gün enerji təhlükəsizliyi ilə bağlı məsələlər dünya gündəliyində çox ciddi dayanır və ölkələrin milli təhlükəsizliyi, o cümlədən enerji təhlükəsizliyindən böyük dərəcədə asılıdır. Cənub Qaz Dəhlizi enerji resurslarının şaxələndirilməsi işində də çox önəmli layihədir və hesab edirəm ki, əvəzolunmaz layihədir. Bu layihədə biz həm mənbələrin, həm marşrutların şaxələndirilməsini görürük. Çünki ancaq bu təqdirdə biz tam mənada enerji resurslarının şaxələndirilməsi haqqında danışa bilərik. Sadəcə olaraq, yeni marşrutların açılması və eyni mənbədən qidalanması tam mənada enerji şaxələndirilməsi məsələsi deyil. Biz isə, sözün əsl mənasında, enerji şaxələndirilməsi layihəsini icra edirik. Azərbaycan qazı yeni mənbədir və Cənub Qaz Dəhlizi yeni enerji damarıdır, Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir. Bu layihənin həyata keçirilməsində iştirak edən bütün tərəflərin maraqları təmin edilib. Bu da çox önəmlidir. Burada maraqlar balansı gözlənilib”.
Dövlət başçısı İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarındakı çıxışında bildirdi ki, Azərbaycan tərəfindən başlanmış və Avropa Komissiyası tərəfindən dəstəklənmiş bu vacib toplantı enerji təhlükəsizliyi sahəsində yanaşmaların formalaşdırılmasında, həmin məsələlərin həllində və birgə səylərimizin əlaqələndirilməsində mühüm rol oynamışdır. Həmçinin bu gün birgə foto çəkdirdiyimiz zaman söylədim ki, bəlkə də daha çox yer lazım olacaq, çünki komanda genişlənir. Bu isə əməkdaşlığın çox yaxşı təzahürüdür. Vaxt keçdikcə prosesdə iştirak edən ölkələrin və şirkətlərin sayı artır, onlar ortaq məqsəd ətrafında birləşir. Birinci məqsəd əməkdaşlığın gücləndirilməsidir, çünki əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrinin heç biri mümkün olmazdı. İkinci məqsəd özləri, öz qonşuları və tərəfdaşları üçün enerji təhlükəsizliyini təmin etməkdir.
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi daha da möhkəmlənir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, uzun illər ərzində Azərbaycan etibarlı tərəfdaş olub və bundan sonra da olacaq. Avropa Komissiyasının yüksəkrütbəli nümayəndələrinin qeyd etdikləri kimi, Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır və Pan-Avropa qaz təchizatçısıdır. Bu, həqiqətdir. Qaz təchizatımızın coğrafiyası genişlənir. Bakıda keçirilmiş son görüşdən, yəni, 10-cu Məşvərət Şurasından sonra əlavə 5 ölkə təbii qazımızın alıcısına çevrildi. Bu gün Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılır. Onlardan 10-u Avropa ölkəsidir və 8-i isə Avropa İttifaqının üzvüdür. Avropada qaz təchizatımızın coğrafiyası birmənalı olaraq genişlənəcək.
Azərbaycan iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri ilə Avropanın enerji təhlükəsizliyinin təminatına davamlı töhfələr verir. Bu fikir beynəlxalq səviyyədə də etiraf edilir ki, Azərbaycan bütün Avropa üçün strateji tərəfdaşdır. Azərbaycan reallığa çevirdiyi layihələrlə dövlətlər, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirir. Hazırkı dövrün əsas çağırışı bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması, bu istiqamətdə əlaqələrin inkişaf etdirilməsidir. Ötən il dünyanı Bakıya toplayan COP29 bu sahədə yeni əməkdaşlıq formatlarının yaranmasına geniş imkanlar yaratdı.