Xəbərlər
Azərbaycan Avropaya növbəti enerji körpüsünü salıb

Fəxrəddin Vəliyev
YAP Şəmkir rayon təşkilatının sədri
Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadəsi daxili tələbatını ödəməklə yanaşı, dünyanın enerji təhlükəsizliyinin təmin olunmasına davamlı töhfələrində də özünün aydın ifadəsini tapır. Əməkdaşlığa regional çərçivədən başlayan Azərbaycan bu gün artıq çoxtərəfli əməkdaşlığın başlanğcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin tam tərkibdə istifadəyə verilməsinə nail olub. 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməlinin qoyulmasını bugünədək görülən işlərin zirvəsi kimi dəyərləndirən cənab İlham Əliyev belə bir reallığı da böyük əminliklə qeyd edir ki, Azərbaycan hər bir layihəni uğurlu sonluqla başa çatdırır. Aprelin 4-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları enerji sektorunda qazandığımız uğurların, onlara yol açan düşünülmüş və məqsədyönlü siyasətin təqdimatı oldu. Dünyanın diqqətini Azərbaycana yönəldən bu tədbir mühüm çağırışları özündə ehtiva etdi. Qeyd edək ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarən keçirilir.
Cənab İlham Əliyev toplantıdakı çıxışında tədbirin enerji sənayesi üçün əhəmiyyətindən, Cənub Qaz Dəhlizinin uğurlu istismarından, nailiyyətlərdən və və gələcək addımlardan bəhs edərək bildirdi ki, birinci məqsəd əməkdaşlığın gücləndirilməsidir, çünki əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrinin heç biri mümkün olmazdı. İkinci məqsəd özləri, öz qonşuları və tərəfdaşları üçün enerji təhlükəsizliyini təmin etməkdir. Bizi birləşdirən tərəfdaşlığın və əməkdaşlığın çox müsbət əzmi məsuliyyətimizin aydın təzahürüdür. Bu, istehsalçıların, tranzit ölkələrin və istehlakçıların məsuliyyətidir: “Əlbəttə ki, bu prosesin üç əsas iştirakçısı arasında maraqların tarazlığı beynəlxalq maliyyə təsisatlarının dəstəyi ilə hekayətimizi və ya hekayətlərimizi uğura çevirdi. Ölkələr, onların hökumətləri, investorlar, şirkətlər, aparıcı maliyyə təsisatları bizim komandamızdır və bu komanda genişlənir. Bu gün heç vaxt görünmədiyi kimi aydındır ki, enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsidir. Hətta, bu gün biz sənaye təhlükəsizliyi haqqında danışa bilərik, çünki sənayeni inkişaf etdirmək üçün bizə enerji ehtiyatları, neft-kimya məhsulları, gübrələr lazımdır. Azərbaycan isə xam neftin, təbii qazın, neft məhsullarının, neft-kimya məhsullarının və gübrələrin istehsalçısı və ixracatçısıdır”.
Son 11 ildə birgə əməkdaşlıq nəticəsində atılan addımlara və onların uğurlu nəticələrinə diqqət yetirmək kifayətdir. Təkçə ötən toplantıdan bugünədək ölkəmizin enerji sektorunda qazanılan uğurlara diqqət yetirməklə əməkdaşlıq üçün geniş imkanların mövcudluğunu böyük əminliklə qeyd edə bilərik. Azərbaycanın Avropaya qaz təchizatının coğrafiyası genişlənir. Prezident İlham Əliyev çıxışında bir daha bildirdi ki, uzun illər ərzində Azərbaycan etibarlı tərəfdaş olub və bundan sonra da olacaq. Avropa Komissiyasının yüksəkrütbəli nümayəndələrinin qeyd etdikləri kimi, Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır və Pan-Avropa qaz təchizatçısıdır. Bu, həqiqətdir. Qaz təchizatımızın coğrafiyası genişlənir. Bakıda keçirilmiş son görüşdən, yəni, 10-cu Məşvərət Şurasından sonra əlavə 5 ölkə təbii qazımızın alıcısına çevrildi. Bu gün Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılır. Onlardan 10-u Avropa ölkəsidir və 8-i isə Avropa İttifaqının üzvüdür. Avropada qaz təchizatımızın coğrafiyası birmənalı olaraq genişlənəcək.
Enerji təhlükəsizliyi məsələlərinin hər bir ökə üçün əhəmiyyətinin daha da artdığı bir zamanda keçirilən bu tədbir qarşıda dayanan yeni vəzifələri açıqladı və səylərin birləşdirilməsinə çağırışlar etdi. Həmçinin ənənəvi keçirilən bu tədbir qlobal səviyyədə iqtisadi mənzərənin təqdimatında əhəmiyyətli rol oynayır. Azərbaycan 1994-cü il 20 sentyabr tarixində Ulu Öndər Heydər Əliyevin gərgin səylərinin nəticəsi olaraq “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla dünya iqtisadi sisteminə inteqrasiyanın əsası qoyuldu. Azərbaycanla iqtisadi əməkdaşlıqda maraqlı olan dövlətlərin, şirkətlərin sayı artdı. Ölkəmiz qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Bu gün Azərbaycan neft strategiyasının uğurlarını yaşayır. Neft gəlirlərindən səmərəli istifadə iqtisadiyyatın şaxələndirilməsinin uğurla həyata keçirilməsinə yol açdı. Artıq dünya bu reallığı təsdiqləyir ki, Azərbaycan beynəlxalq miqyasda baş verən iqisadi proseslərin mərkəzindədir. Hazırkı dövrün əsas çağırılarından biri bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Azərbaycan hər dövrün çağırışlarını yüksək səviyyədə cavablandırmaq üçün böyük potensiala malikdir. Qarabağ və Şərqi Zəngəzur yaşıl enerji mərkəzinə çevriləcək. İmzalanan sənədlər bərpaolunan enerji sahəsində mövcud imkanlarımızı dünyaya təqdim edir. Azərbaycan Avropaya növbəti enerji körpüsünü salıb.