YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Münasibətlərdə yeni mərhələ

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Aprelin 2-də Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ölkəmizə rəsmi səfərə gəldi. Səfərin əhəmiyyəti hazırda ölkə mətbuatında geniş müzakirə edilməkdədir.  

Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında böyük rola malikdir. 2022-ci ilin iyul ayında Azərbaycanla Avropa İttifaqı arasında “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalandı. Ölkəmizlə qurum arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq böyük nailiyyətdir. Sözügedən Memorandum gələcək üçün bir növ yol xəritəsidir. O da məlumdur ki, Azərbaycanla Avropa İttifaqına üzv olan 10 dövlət arasında strateji tərəfdaşlığa dair Memorandum imzalanıb. Bu, ölkəmizin dünyanın enerji təhlükəsizliyində rolunun, həmçinin dünyanın enerji xəritəsini dəyişmək imkanlarının göstəricisidir. Ötən il  Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışı zamanı diqqəti ölkəmizin enerji diplomatiyasının uğurlarına yönəldən cənab İlham Əliyev  bildirmişdir ki, neft və qazımız, həmçinin Avropa bazarlarına hələ uzun illər ərzində lazım olacaq. 2022-ci ildə Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb və bizim Avropa İttifaqına təbii qaz təchizatımız artmaqdadır: “Bu, Avropa Komissiyasının xahişi idi. Biz buna müsbət cavab verdik. Hazırda təbii qaz ixracımızın yarısı, xüsusən də 12 milyard kubmetri Avropa İttifaqının bazarına gedir. Qeyd edilən Memoranduma əsasən, 2027-ci ilə qədər Avropa İttifaqına ixracımız 20 milyard kubmetrə çatmalıdır. Hamımız anlayırıq ki, bu geosiyasi durumda həmin məsələ Azərbaycanın məsuliyyətli olmağının təzahürüdür, çünki biz qaz hasilatımızın artırılmasına böyük həcmdə sərmayə yatırırıq və Avropaya yeni mənbələrdən daha çox qaz lazımdır. Eyni zamanda, yaşıl gündəliyimiz hələ COP29 qərarından əvvəl icra olunmağa başlanıb”.

Hazırkı dövrün əsas çağırışı bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Ötən il Azərbaycanın COP29 iqlim konfransına ev sahibliyi ölkəmizin bu sahədə də böyük potensiala malik olduğunu nümayiş etdirdi.  Dövlət başçısı İlham Əliyev Almaniya Prezidenti ilə mətbuata bəyanatında bildirdi ki, bu istiqamət üzrə də bizim Almaniya ilə çox fəal əməkdaşlığımız olub. COP29-da 197 ölkəni təmsil edən 77 mindən çox iştirakçı qeydiyyatdan keçmişdir və bu konfrans böyük, uğurlu nəticələrlə zəngin idi. İştirak etməyən yeganə ölkə Ermənistan olmuşdur. Bu da təbii olaraq təəssüf hissi doğurur. Çünki xüsusilə indiki şəraitdə - Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin uğurla getdiyi bir zamanda Ermənistan tərəfinin bu beynəlxalq konfransı boykot etməsi başadüşülən deyildi. Bu gün bu məsələ də müzakirə olundu və Azərbaycanın mövqeyi Almaniya tərəfinə çatdırılmışdır.

Reallıq budur ki, Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Azərbaycan bu ölkə ilə əlaqələrin inkişafına mühüm önəm verir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Ötən dövrdə Azərbaycanla Almaniya arasında müxtəlif sahələrdə əməkdaşlıq sürətlə inkişaf edir. Almaniya Prezidentinin ölkəmizə səfəri münasibətlərdə yeni səhifə açmaqla  yanaşı, iki ölkəni bir-birinə  daha sıx yaxınlaşdıracaq.  Almaniya Prezidentinin vurğuladığı kimi, beynəlxalq hüququn qorunması, dünyanın tənzimlənən əsaslarla inkişaf etməsində marağımız da bizi birləşdirir.