Xəbərlər
Etibarlı tərəfdaşlıq və perspektivlər

Vahid Əliyev
YAP Xocalı rayon təşkilatının sədri
Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət Azərbaycanı beynəlxalq aləmdə cəlbedici dövlətə çevirmişdir. Azərbaycan beynəlxalq səviyyədə cəlbedici dövlətə çevirilməsini şərtləndirən mühüm amillər mövcuddur. Azərbaycanın yerləşdiyi coğrafi məkanın xüsusi əhəmiyyət kəsb etdiyini nəzərə alan Prezident İlham Əliyev dünyanın müxtəlif siyasi gücləri ilə bərabər məsafə saxlamaqla yalnız Azərbaycanın dövlət maraqlarına xidmət edən beynəlxalq əlaqələrə üstünlük verməklə tam müstəqil dövlət siyasəti aparılmasını təmin etmişdir. Eyni zamanda, Azərbaycanda ictimai-siyasi sabitliyin, iqtisadiyyatda dinamik inkişafın təmin edilməsi, aparılan irimiqyaslı abadlıq və quruculuq işləri, nəqliyyat-kommunikasiya, loqistika infrastrukturunun müasir dövrün tələblərinə uyğun şəkildə yenidən qurulması, ən əsası isə dövlətimizin etibarlı tərəfdaş imicinin yaradılması beynəlxalq aləmdə Azərbaycanı cəlbedici dövlətə çevirmişdir.
Prezident İlham Əliyev olduqca qətiyyətli və proqramlaşdırılmış praqmatik siyasət həyata keçirərək Azərbaycanda hər tərəfli inkişafı təmin etdi, beynəlxalq əlaqələri genişləndirdi, yaratmış olduğu qüdrətli Azərbaycan Ordusunun gücü hesabına işğal altında olan torpaqlarımnızı işğaldan azad edərək ərazi bütövlüyümüzü təmin etdi. Öz gücünə ölkəmizin ərazi bütövlüyünün təmin etməsi Azərbaycana əlavə imkanlar yaratmaqla yanaşı, beynəlxalq aləmdə də nüfuzunu daha da artırmış oldu. Artıq Azərbaycan yalnız Cənubi Qafqazın lider dövləti deyil, dünya güclərinin hesablaşdığı və əməkdaşlıq etməkdə xüsusi maraq göstərdikləri bir dövlətdir. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan xüsusi çəkiyə malikdir və Avropa İttifaqına daxil olan dövlətlərlə dövlətimizin başçısı əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.
Avropanın iqtisadi lokomativi rolunda çıxış edən, dünya iqtisadiyyatında xüsusi çəkiyə malik olan Almaniya ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğunu bu dost ölkənin dost başçısı Frank Valter Ştaynmayerin ölkəmizə səfəri və səfər zamanı keçirilən görüşlər, səsləndirilən fikirlər bir daha təsdiq etmiş oldu.
Hər iki dövlət başçısının bəyanatı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirmişdir: “Həm təkbətək görüşdə söhbət əsnasında, həm də nümayəndə heyətlərinin iştirakı ilə apardığımız danışıqlarda Almaniya-Azərbaycan əlaqələrinin gələcək inkişafı müzakirə edilmişdir. Mən tam əminəm ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcəkdir. İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır. Çünki bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olmuşdur. Ona görə biz hesab edirik ki, gələcək illərdə öz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı daha fəal addımlar atmalıyıq, xüsusilə bərpaolunan enerji sahəsində - harada ki, Almaniya şirkətlərinin çox böyük təcrübəsi var, Azərbaycanın da çox böyük proqramı, planları var. Biz xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 giqavata çatdırmaq fikrindəyik və bu, tam realdır, bunun bir hissəsi Avropaya ixrac ediləcəkdir”.
Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin çıxışında iki ölkə arasında əlaqələrin tarixi kökləri, bugünkü səviyyəsi və gələcəyi ilə bağlı söylədiyi fikirlər Azərbaycanla Almaniya arasında dövlətlərarası münasibətlərin yüksələn xətlə inkişaf edəcəyini bir daha təsdiq etmiş oldu.