YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Almaniya arasında möhkəm və etibarlı tərəfdaşlıq mövcuddur

Saleh Məhərrəmov

YAP Oğuz rayon təşkilatının sədri

Almaniya Azərbaycanın Avropada mühüm siyasi və iqtisadi tərəfdaşlarından biridir. Azərbaycan bu ölkə ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Ötən dövrdə müxtəlif sahələrdə əməkdaşlığımız, xüsusilə Prezident İlham Əliyevin son illərdə Almaniyaya səfərləri iki ölkə arasında münasibətləri sürətli inkişaf etdirib. Dünyada iqtisadi nəhənglərdən biri sayılan Almaniyanın da Azərbaycanı postsovet məkanında önəmli tərəfdaş adlandırması və xüsusilə də iqtisadi əlaqələrin inkişafına yönəlmiş fəaliyyəti dəstəkləməsi ikitərəfli əməkdaşlığın güclənməsinə şərait yaradır.

Azərbaycan strateji mövqeyə, zəngin təbii sərvətlərə malik kifayət qədər mürəkkəb geosiyasi regionda yerləşir və bununla da həm Qərb, həm də Şərq dövlətləri üçün maraq kəsb edir. 1990-cı illərində müstəqillik əldə etdikdən sonra Azərbaycan tədricən iki və çoxtərəfli əməkdaşlıq proseslərinə cəlb olunub ki, bu da özünü ilk növbədə ölkəmizin beynəlxalq iqtisadi, enerji və kommunikasiya layihələrində iştirakında göstərir. Azərbaycanın xarici siyasətinin istiqamətlərindən biri Avropa İttifaqı ilə sıx əməkdaşlıq əlaqələrinin qurulmasıdır. İkitərəfli münasibətlərin yüksək səviyyədə olduğu ölkələr arasında Almaniya ilk sıralarda yer tutur.

Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin aprelin 2-də ölkəmizə səfəri zamanı mətbuata verdiyi bəyanat Azərbaycan-Almaniya münasibətlərində qurulan yeni körpünün başlanğıcı kimi qəbul edilməlidir. Dövlətimizin başçısı Azərbaycan-Almaniya münasibətlərinin yeni inkişaf dövrünə qədəm qoyduğunu bildirərək, bu münasibətin iqtisadi, siyasi, humanitar tərəflərinə diqqət yönəltdi.

Görüş zamanı Prezident İlham Əliyev bir çox mühüm beynəlxalq məsələlərlə bağlı Almaniya Prezidenti ilə fikir mübadiləsi apardı. Həmçinin görüş zamanı dövlət başçısı yenidən ciddi mesajlar verdi. Ermənistanın sülh müqaviləsinin imzalaması ilə bağlı Azərbaycan tərəfindən müəyyən şərtlər irəli sürüldüyünü bildirən Prezident İlham Əliyev bununla həm Qarabağla bağlı Ermənistanın ərazi iddialarından əl çəkməli olmasının zəruriliyi məsələsini vurğuladı, həm də beynəlxalq təşkilatların bu məsələdə heç nəyə yaramadığını bir daha gündəmə gətirdi. Qarabağ məsələsində cənab İlham Əliyevin səsləndirdiyi fikirlər ölkəmizin imza atdığı Qələbənin izharını çatdırmaqla yanaşı, Azərbaycanın bu münaqişəni və beynəlxalq hüququ döyüş meydanında və siyasi müstəvidə həll etməsi ilə bağlı gerçəkliyin ifadəsidir. Azərbaycan 30 il ərzində erməni işğalından əziyyət çəkmişdir.

Bu sözləri Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatda bir daha vurğulayıb. Dövlət başçısı bildirib ki, bizim xalqımız etnik təmizləməyə məruz qalıb: “Bir milyon azərbaycanlı erməni aqressiyasına görə evsiz-eşiksiz qalmışdır və torpaqlarımızın təxminən 20 faizi işğal altına düşmüşdür. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı ciddi addım atmamışlar. Azərbaycan bu münaqişəni və beynəlxalq hüququ özü döyüş meydanında və siyasi müstəvidə həll etmişdir. Məhz bu tarixi Zəfərimiz sülh danışıqlarına yol açmışdır. Hesab edirəm ki, bu gün Azərbaycanın və Ermənistanın sülhün əldə edilməsində mövqeləri bir-birinə kifayət qədər yaxınlaşmışdır”.

Beləliklə, dövlətimizin başçısı bir daha Ermənistanın 30 il ərzində torpaqlarımızı işğal altında saxladığını və xalqımıza qarşı etnik təmizləmə apardığını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Aydındır ki, Ermənistan silahlı qüvvələrinin işğal etdiyi torpaqlarımızdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT qətnamələri olsa da, icra mexanizmi olmayıb. Beynəlxalq təşkilatlar və ölkələr Ermənistanın işğalına göz yumublar. Nəticədə isə Azərbaycan Ordusu beynəlxalq ədaləti və hüquqi öz gücünə bərpa edib.