Xəbərlər
Azərbaycan-Almaniya əlaqələri – strateji tərəfdaşlığa doğru

Rafiq Əliyev
YAP Yevlax rayon təşkilatının sədri
Prezident İlham Əliyevin həyata keçirdiyi güclü daxili və xarici siyasət ölkəmizin maraqlarını layiqincə təmin etməkdədir. Azərbaycanın dünyanın bir çox dövlətləri ilə münasibətləri səmimi və dostluq prinsipləri əsasında qurulur. Bu gün Azərbaycan və Almaniya dövlətləri arasında olan əlaqələr də yüksək səviyyədə inkişaf etməkdədir. Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ölkəmizdə səfərdə olub. Prezident İlham Əliyev və Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer cari ilin aprelin 2-də mətbuata bəyanatlarla çıxış ediblər.
Dövlətimizin başçısı hər zaman olduğu kimi, geniş və məzmunlu çıxışında həqiqətləri, müdrik siyasətimizin gələcək hədəflərini, Azərbaycanın konsturktiv mövqeyini açıq şəkildə ifadə edərək ictimaiyyətin diqqətinə çatdırıb. Biz xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 giqavata çatdırmaq fikrindəyik və bu, tam realdır, bunun bir hissəsi Avropaya ixrac ediləcəkdir. Əlbəttə ki, bu Azərbaycanın həyata keçirdiyi güclü iqtisadi siyasətin bir hissəsidir. Bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olmuşdur.
Digər bir məsələni də qeyd etmək lazımdır ki, Almaniya Federativ Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 12 yanvar 1992-ci il tarixində tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 20 fevral 1992-ci il tarixində qurulmuşdur. Azərbaycanın Almaniyada səfirliyi 2 sentyabr 1992-ci il, Almaniyanın ölkəmizdə səfirliyi 22 sentyabr 1992-ci il tarixində açılmışdır. Azərbaycan və Almaniya arasında davamlı siyasi dialoq mövcuddur, iqtisadiyyat və humanitar sahələrində geniş əməkdaşlıq həyata keçirilir.
Azərbaycan Prezidenti digər məsələlərdə olduğu kimi, Azərbaycan və Ermənistan arasındakı münasibətlər fonunda öz humanist və düzgün mövqeyini ifadə edərək diqqətə çatdırıb ki, bizim xalqımız etnik təmizləməyə məruz qalmışdır. Bir milyon azərbaycanlı erməni aqressiyasına görə evsiz-eşiksiz qalmışdır və torpaqlarımızın təxminən 20 faizi işğal altına düşmüşdür. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı ciddi addım atmamışlar. Azərbaycan bu münaqişəni və beynəlxalq hüququ özü döyüş meydanında və siyasi müstəvidə həll etmişdir. Məhz bu tarixi Zəfərimiz sülh danışıqlarına yol açmışdır.
Bəli, biz inanırıq ki, Ermənistan öz üzərinə düşən məsuliyyəti daha dərindən dərk edərək, Azərbaycanın haqlı mövqeyi ilə razılaşacaq və nəticədə regionda davamlı sülh əldə olunacaq. Xüsusilə Almaniya Prezidentinin bəyanatla çıxışı zamanı tarixi həqiqəti -Qarabağın Azərbaycanın tərkib hissəsi olması faktını diqqətə çatdırması məhz ədalətli və beynəlxalq normalara uyğun bir siyasi mövqenin nümayişi idi.
Dövlət başçılarının qarşlıqlı səmimi görüşləri və bəyanatları onu deməyə əsas verir ki, Azərbaycan və Almaniya arasında gələcəkdə də dostluq və sıx əməkdaşlıq münasibətləri daha da inkişaf edəcək, bir çox sahələr üzrə uğurlu nəticələrin əldə olunmasına mühüm töhfə verəcəkdir.