Xəbərlər
Regionda liderliyin təqdimatı

Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri
Azərbaycanın Avropada etibarlı tərəfdaş kimi münasibətlərini ildən-ilə inkişaf etdirdiyi ölkələrdən biri də Almaniyadır. Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin bu günlərdə ölkəmizə səfəri münasibətlərimizin hazırkı inkişafının təqdimatı oldu. Almaniya Federativ Respublikası dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynayan ölkə olmaqla Azərbaycanla bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə tərəfdardır. Prezident İlham Əliyevin Almaniyaya 2004-cü ildə gerçəkləşmiş ilk rəsmi səfərinin nəticələri əməkdaşlıq üçün daha böyük potensialın olduğunu bir daha təsdiqləmişdi. Səfər çərçivəsində imzalanmış bir sıra sazişlər iqtisadi əməkdaşlıq baxımından geniş imkanlar açdı.
Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir.
İqtisadiyyat sahəsinə gəldikdə, Azərbaycanla Almaniya arasında əlaqələr kifayət qədər inkişaf edib. Ticarət dövriyyəsi genişlənib, qarşılıqlı ixrac artıb. Mətbuata bəyanatında “İqtisadi sahədə əldə edilmiş nəticələr bizi təbii olaraq ruhlandırır” söyləyən dövlət başçısı İlham Əliyev onu da qeyd etdi ki, bu ilin yanvar-fevral aylarında bizim ticarət dövriyyəmiz təxminən üç dəfə artıb. Bunun əsas səbəbi Azərbaycandan Almaniyaya ixrac edilən xam neftin həcminin artması olmuşdur. Ona görə hesab edirik ki, gələcək illərdə öz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı, xüsusilə bərpaolunan enerji sahəsində daha fəal addımlar atmalıyıq. Harada ki, Almaniya şirkətlərinin çox böyük təcrübəsi var, Azərbaycanın da çox böyük proqramı, planları var. Biz xarici investorların sərmayəsi hesabına 2030-cu ilə qədər bərpaolunan enerji növlərinin istehsal gücünü 6 giqavata çatdırmaq fikrindəyik və bu, tam realdır, bunun bir hissəsi Avropaya ixrac ediləcəkdir.
Prezident İlham Əliyev mətbuata bəyanatında diqqəti keçən il Azərbaycanın COP29 beynəlxalq iqlim konfransına ev sahibliyinə də yönəltdi. Bildirdi ki, bu istiqamət üzrə də Almaniya ilə çox fəal əməkdaşlığımız olub. COP29-da 197 ölkəni təmsil edən 77 mindən çox iştirakçı qeydiyyatdan keçmişdir və bu konfrans böyük, uğurlu nəticələrlə zəngin idi. İştirak etməyən yeganə ölkə Ermənistan olmuşdur. Bu da təbii olaraq təəssüf hissi doğurur. Çünki Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin uğurla getdiyi bir zamanda Ermənistan tərəfinin bu beynəlxalq konfransı boykot etməsi başadüşülən deyildi. Bu gün bu məsələ də müzakirə olundu və Azərbaycanın mövqeyi Almaniya tərəfinə çatdırıldı.
Dövlət başçısı İlham Əliyev hər zaman çıxışlarında, xarici ölkələrə səfəri zamanı keçirdiyi görüşlərdə 30 illik işğal və postmünaqişə dövrünün reallıqlarına diqqət yönəldir. Bu səfər də bu baxımdan diqqətdə oldu. Cənab İlham Əliyev bildirdi ki, Azərbaycan 30 il ərzində erməni işğalından əziyyət çəkmişdir. Bizim xalqımız etnik təmizləməyə məruz qalmışdır. Bir milyon azərbaycanlı erməni aqressiyasına görə evsiz-eşiksiz qalmışdır və torpaqlarımızın təxminən 20 faizi işğal altına düşmüşdür. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı ciddi addım atmamışlar. Azərbaycan bu münaqişəni və beynəlxalq hüququ özü döyüş meydanında və siyasi müstəvidə həll etmişdir. Məhz tarixi Zəfərimiz sülh danışıqlarına yol açdı. Bu gün Azərbaycanın və Ermənistanın sülhün əldə edilməsində mövqeləri bir-birinə kifayət qədər yaxınlaşmışdır. Almaniya Prezidenti də mətbuata bəyanatında bu məsələyə diqqət yönəldərək vurğuladı ki, sülh prosesinin çox böyük əhəmiyyəti var. Son bir il ərzində çox böyük addımlar atılıb, irəliləyişlər olub. Martın 13-də bu sülh müqaviləsinin mətninin razılaşdırılması barədə bəyanat verildi. Bütün çətinliklərə, maneələrə baxmayaraq xeyli addım atılıb və bunu sona qədər getmək lazımdır. Buna görə kompromislər üçün cəsarət, siyasi iradə lazımdır ki, bu siyasi müqavilə həqiqətən də həyata keçirilsin və qüvvəyə minsin: “Ümid edirəm ki, bu alınacaq və biz də buna uzaqdan bacardığımız qədər, necə mümkündürsə, dəstəyimizi verəcəyik.”