YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Su təhlükəsizliyində yeni mərhələ: uzunmüddətli strateji seçim

Elnarə Akimova

Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü,

Filologiya elmləri doktoru

Prezident İlham Əliyevin yanvarın 12-də “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026–2035-ci illər üçün Dövlət Proqramı”na həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycan artıq infrastruktur problemlərini lokal və qısamüddətli yanaşmalarla deyil, strateji və sistemli baxışla həll edən dövlət modelinə keçib. Bu çıxış əslində son 20 ildə aparılan məqsədyönlü siyasətin məntiqi yekunu və qarşıdakı onillik üçün aydın yol xəritəsidir.

Son iki onillik ərzində ölkədə həyata keçirilən regional inkişaf proqramları nəticəsində əsas infrastruktur məsələləri köklü şəkildə öz həllini tapıb. Vaxtilə enerji qıtlığı yaşayan, elektrik enerjisini və qazı idxal etməyə məcbur olan Azərbaycan bu gün enerji generasiya gücü tələbatını xeyli üstələyən, elektrik enerjisini və təbii qazı ixrac edən ölkəyə çevrilib. Təqribən 10 min meqavatlıq generasiya gücünün yaradılması, ötürücü xətlərin, yarımstansiyaların və paylayıcı şəbəkələrin vahid sistem halına gətirilməsi ölkənin enerji təhlükəsizliyini tam təmin edib və yeni iqtisadi imkanlar açıb.

Qazlaşmanın 96 faizə çatdırılması da bu siyasətin mühüm nəticəsidir. Bu göstərici təkcə sosial rifahın yüksəlməsi deyil, eyni zamanda Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsi deməkdir. Bu gün artıq ondan çox ölkə Azərbaycan qazı hesabına öz enerji təhlükəsizliyini təmin edir və bu siyahı ildən-ilə genişlənir.

Su məsələsi isə Prezidentin çıxışında xüsusi vurğu ilə təqdim olundu və tam haqlı olaraq milli təhlükəsizlik müstəvisində dəyərləndirildi. Son 20 ildə inşa edilmiş dörd iri su anbarı – xüsusilə “Taxtakörpü” və “Şəmkirçay” – bu gün Bakının və ölkənin qərb bölgəsinin su təminatında həlledici rol oynayır. “Ceyranbatan” su anbarının yenidən qurulması və müasir təmizləyici qurğularla təchiz edilməsi isə paytaxtın su təhlükəsizliyinin əsas dayaqlarından biridir. Əgər bu layihələr vaxtında icra edilməsəydi, bu gün həm içməli su, həm də suvarma sahəsində çox ciddi problemlərlə üzləşmək qaçılmaz olardı.

Azad edilmiş ərazilərdə aparılan işlər isə su məsələsinin təkcə texniki yox, həm də siyasi və humanitar tərəfini açıq şəkildə ortaya qoyur. İşğal dövründə Ermənistan tərəfindən həyata keçirilən su terroru – “Sərsəng” və “Suqovuşan” su anbarlarından bir silah kimi istifadə edilməsi – region əhalisinə böyük zərər vurmuşdu. Bu gün həmin su anbarlarının bərpası, yeni su layihələrinin icrası həm ədalətin bərpası, həm də dayanıqlı inkişafın təminatıdır. “Köndələnçay”, “Xaçınçay”, “Zabuxçay” su anbarlarının yenidən qurulması, “Həkəriçay” və “Bərgüşadçay” layihələrinin planlaşdırılması azad edilmiş ərazilərin vahid infrastruktur sisteminə inteqrasiyasını sürətləndirir.

Bakı və Abşeron yarımadası üçün qəbul ediləcək 2026–2035-ci illəri əhatə edən Dövlət Proqramı isə uzun illər yığılıb qalmış problemlərə kompleks cavabdır. Paytaxtın içməli su, kanalizasiya və yağış suları ilə bağlı çətinliklərini hissə-hissə deyil, vahid proqram çərçivəsində həll etmək bu gün yeganə rasional yanaşmadır. Proqramın icrası nəticəsində fasiləsiz içməli su ilə təminatın 95 faizə çatdırılması, su itkilərinin 40–45 faizdən kəskin şəkildə azaldılması, kanalizasiya xidmətinin demək olar ki, bütün əhalini əhatə etməsi nəzərdə tutulur.

Eyni zamanda, 30-a yaxın yeni su anbarının tikilməsi, 200 kilometrdən çox magistral kanalın və geniş paylayıcı şəbəkələrin qurulması Azərbaycanın su ehtiyatlarının daha səmərəli idarə olunmasına imkan verəcək. Yağış sularının idarə olunması üçün Bakının 30 küçəsində yeni kollektor şəbəkəsinin yaradılması isə hər leysan zamanı şəhər həyatını iflic edən problemlərin qarşısını almağa xidmət edəcək. Dənizə buraxılan tullantı sularının 100 faiz təmizlənməsi və Hövsan sutəmizləyici stansiyasının modernləşdirilməsi Xəzər dənizinin ekoloji vəziyyətinin qorunması baxımından da son dərəcə vacibdir.

Xüsusi əhəmiyyət daşıyan məqamlardan biri də ölkədə ilk dəfə duzsuzlaşdırma zavodunun inşa edilməsidir. Xarici investisiyalar hesabına reallaşdırılacaq bu layihə Abşeron yarımadasının su təminatında alternativ və dayanıqlı mənbə yaradacaq. Xəzər dənizinin suyun nisbətən az duzlu olması bu texnologiyanın səmərəliliyinə tam əsas verir və həm içməli su, həm də suvarma üçün yeni imkanlar açır.

Prezidentin vurğuladığı kimi, bu proqramın icrası ciddi nəzarət altında olacaq, həm dövlət strukturları, həm də ictimaiyyət prosesə cəlb ediləcək. Ən önəmlisi isə odur ki, bu dəfə məqsəd tələskənlik deyil, keyfiyyətli və vaxtında icradır. Təxminən 10 illik zaman çərçivəsi kifayət qədər genişdir, amma bir gün belə yubanmaya yol verilməməsi prinsipi açıq şəkildə ortaya qoyulub.

Bütün bunlar göstərir ki, Azərbaycan bu gün artıq mövcud problemləri aradan qaldırmaqla kifayətlənmir, gələcək riskləri əvvəlcədən hesablayır və qabaqlayıcı addımlar atır. Su təhlükəsizliyi sahəsində qəbul edilən bu strateji qərar paytaxtın, Abşeronun və bütövlükdə ölkənin dayanıqlı inkişafının əsas təminatlarından biri olacaq.

DİGƏR Xəbərlər Arxiv