YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli aktora çevrilib

“Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Ölkəmizin reallaşdırdığı layihələr dünyanın təhlükəsizlik sisteminin daha etibarlı şəkildə təmin olunması istiqamətində yeni imkanlar açır. Prezident İlham Əliyevin enerji siyasəti Azərbaycanı Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli aktora çevirib”.

Bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım deyib.

Deputat bildirib ki, hazırda enerji problemi ilə üzləşən Avropa ölkələri problemin aradan qaldırılması üçün müxtəlif yollar axtarır, bu istiqamətdə Azərbaycanla geniş müzakirələr aparır. 2022-ci ilin iyul ayında Avropa İttifaqı ilə imzalanmış Anlaşma Memorandumu bu baxımdan önəmlidir. Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşən Azərbaycan da öz coğrafi mövqeyinin verdiyi üstünlüklərdən faydalanaraq əməkdaşlıq edəcək ölkələrin hər biri üçün məqbul olacaq təkliflər verir. Həmçinin regionun və özünün karbohidrogen məhsullarının Avropa bazarına çıxarılması imkanlarını genişləndirir. Aprelin 4-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında müxtəlif ölkələrin rəhbər şəxlərinin, yüksəksəviyyəli nümayəndələrinin iştirakı ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji layihələrinin mühüm əməkdaşlıq platformaları yaratdığını təsdiqləyir.

Millət vəkilinin sözlərinə görə, iclasda Prezident İlham Əliyevin dərinməzmunlu çıxışı enerji siyasətinin uğurla həyata keçirildiyini göstərir. Dövlət başçısının dediyi kimi, 10-cu Məşvərət Şurasından sonra əlavə 5 ölkə təbii qazımızın alıcısına çevrildi. Bu gün Azərbaycanın təbii qazı 12 ölkəyə çatdırılır. Onlardan 10-u Avropa ölkəsidir və 8-i isə Avropa İttifaqının üzvüdür. Avropada qaz təchizatımızın coğrafiyası birmənalı olaraq genişlənəcək. Azərbaycan dünyanın xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən ölkələrindən biridir. 2021-ci ildə Azərbaycanın Avropa bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr təşkil edirdisə, ötən il demək olar ki, 13 milyard kubmetr oldu. Yəni, bu, bizim ümumi ixracatımızın təxminən yarısından çoxdur. Bu, 25 milyard kubmetrdir və bundan sonra da artacaq. Avropada istifadəyə verilmiş interkonnektor layihələrinin təməlində, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsi dayanır. Digər tərəfdən, onlar bizə Avropada mümkün qədər çox məntəqələri əhatə etməklə bağlı səylərimizi davam etdirməyə imkan verəcək.

Fatma Yıldırım qeyd edib ki, dövlətimizin başçısının yeni enerji siyasətinin digər mühüm komponenti isə odur ki, Azərbaycan Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı ölkəmizin bu sahədə də həlledici rol oynamasına imkan verir. Azərbaycanın bərpaolunan enerji potensialına gəldikdə, quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Azərbaycan strateji investorların biri ilə 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırır. Onların böyük hissəsi ixrac olunacaq. Azərbaycan 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı planlaşdırır.

Onun sözlərinə görə, qarşıdakı dövrlərdə də Azərbaycanın Avropa ölkələrinə elektrik enerjisi və təbii qaz ixracını artırmaq üçün böyük potensialı var: “Cənab İlham Əliyev toplantıda çıxışı zamanı bu barədə fikirlərini açıqladı. Dövlətimizin bu yöndə uğurlu siyasəti perspektivdə mühüm nəticələrin əldə olunacağını deməyə əsas verir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və imzaladığı bütün müqavilələri yerinə yetirir. Bütün bu amillər ölkəmizin dünyada nüfuzunu daha da artırır. Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə daim öz töhfələrini verir. Bütün bunlar onu göstərir ki, ölkəmiz yaşıl enerji amilinə önəm verməklə dünya üçün bu istiqamətdə töhfələr verəcək”.