Xəbərlər
Ağdamda soyqırımı qurbanlarının xatirəsi anılıb

Ağdam Rayon Heydər Əliyev Mərkəzində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini və Şəhidlər Abidə Kompleksini ziyarət ediblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının, soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatının sədri Mansur Quliyev və digərləri çıxış edərək bildiriblər ki, 1918-ci ilin mart-aprel aylarında böyük əksəriyyəti ermənilərdən ibarət olan daşnak-bolşevik silahlı birləşmələri tərəfindən Bakı şəhərində, habelə Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur, İrəvan və digər bölgələrimizdə on minlərlə dinc azərbaycanlı etnik və dini mənsubiyyətinə görə kütləvi surətdə qətlə yetirilib, soydaşlarımız işgəncələrə məruz qalıb.
Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü elan edilib.