Xəbərlər
“Novruz-milli mənəvi dəyərlərimizin əbədiyaşarlıq rəmzidir”

Göygöl rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Novruz-milli mənəvi dəyərlərimizin əbədiyaşarlıq rəmzidir” mövzusunda dəyirmi masa keçirilib.
Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının sədri Vüqar İsayevin, Göygöl rayon İcra Hakimiyyəti Başçısının müavini Kəmalə İbrahimovanın, Gənclər İdman sektorunun müdiri Zaur Abbasovun və fəal gənclərin iştirakı ilə Göygöl Gənclər Evində keçirilən tədbir zamanı Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev Novruz bayramının mahiyyətindən danışaraq Azərbaycan xalqının Novruz ənənələrinə uyğun olaraq haqq-ədaləti, mənəviyyatı əsas tutmaqla daim bütün xalqlarla dostluq, həmrəylik və əmin-amanlıq şəraitində yaşamağa üstünlük verdiyini qeyd edib. Bildirib ki, Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəlki tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. Novruz ənənələrinə xüsusi önəm verən Ulu Öndər Heydər Əliyevin “Gün o gün olacaq ki, Novruz bayramını Şuşada, Laçında, Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik” ifadəsini, Azərbaycan xalqının arzularını Müzəffər Ali Baş Komandan İlham Əliyev reallaşdırdı. Müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.
Sonra Ulu Öndər Heydər Əliyevin Novruz bayramına dair tədbirlərdə etdiyi tarixi çıxışları əks olunan videoçarx nümayiş olunub.
Göygöl rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova çıxışında diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü” elan olunub. Novruz Bayramı dostluq, həmrəylik və yüksək mənəviyyat bayramıdır.
Natiqlərdən Zaur Abbasov, Şəhla İsmayılova, Nərmin Abbasova və digərləri çıxış edərək Novruz bayramının çox qədim tarixə malik olduğunu, əcdadlarımızın bizə töhfəsi, onlardan qalmış miras olduğunu diqqətə çatdırıblar. Qeyd ediblər ki, Novruz bayramı heç bir tarixi hadisə, yaxud heç bir şəxsiyyətin adı ilə, onun fəaliyyəti ilə bağlı deyil. Bu bayram təbiətin qanunları ilə, kainatın qanunları ilə əlaqədar olan bir bayramdır. Gündüz ilə gecənin bərabərləşməsi günü, baharın ilk günü Novruz bayramıdır. Bunlara görə Novruz bayramı bir çox başqa bayramlardan fərqlənir və bu bizim, məhz Azərbaycan xalqının bayramıdır. Qədim zamanlardan bəri və bu gün də bu bayramı ən çox sevən, ən uca tutan Azərbaycan xalqıdır.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.