YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan heç bir beynəlxalq təsisata arxalanmadan öz yolunu müəyyənləşdirir

David İbramxəlilov

YAP Qusar rayon təşkilatının sədri

Bakıda keçirilən beynəlxalq tədbirlər ölkəmizin dünya arenasında mövqeyini gücləndirmək və qlobal iqlim siyasətində aktiv iştirakını təmin etmək üçün böyük əhəmiyyət kəsb edir.

Bu barədə martın 13-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumunda çıxış edən dövlətimizin başçısı ətraflı danışıb: “COP-la bağlı əlavə daha nəyi deyə bilərəm? Birincisi, çox çətin idi, çünki biz tədbiri bir ildən az olan müddətdə təşkil etməli idik. Adətən, ölkələrə hazırlaşmağa iki il vaxt verilir. Bu, yekdil rəy əsasında uğurla həyata keçirildi. İkincisi, biz nəticələrə nail olmalı idik. Burada, bizə şaxələndirilmiş xarici siyasətimiz kömək etdi. Dörd il ərzində 120 ölkəni birləşdirən təşkilatda - Qoşulmama Hərəkatında sədrlik etdik və fərqli durumda olan üzv dövlətlərə, o cümlədən COVID vaxtlarında 80-dən artıq ölkəyə humanitar və maliyyə yardımı göstərməklə onlara fəal dəstək verdik. Eyni zamanda, biz Avropa tərəfdaşları ilə fəal əlaqədə olaraq Qlobal Cənub ilə Qlobal Şimal arasında körpü salan tərəf kimi öz rolumuzu gördük. Düşünürəm ki, biz uğur qazandıq, çünki COP29 zamanı bir sıra mühüm məsələlər üzərində razılığa gəlmək asan deyildi”.

Bu gün Azərbaycan heç bir beynəlxalq təsisata arxalanmadan öz yolunu müəyyənləşdirir. COP29 iqlim dəyişikliyinə qarşı birgə mübarizədir. Bu, 2015-ci ildən bəri dünya ölkələrinin iqlim dəyişikliyinə qarşı mübarizə üçün göstərdiyi səyləri bir daha müzakirə edəcəyi və gələcək planlarını müəyyən edəcəyi ən böyük beynəlxalq platformadır. Azərbaycan, bu tədbirdə aktiv iştirak edərək, öz yaşıl enerji və iqlim siyasətindəki irəliləyişləri dünya ictimaiyyətinə təqdim edə bildi. Azərbaycan bu konfransda həm də enerji təhlükəsizliyi, karbon emissiyalarının azaldılması və bərpa olunan enerji sahəsindəki siyasətləri ilə çıxış etdi. Prezident İlham Əliyev ölkəsinin iqlim dəyişikliyinə qarşı apardığı mübarizəni beynəlxalq aləmdə daha da möhkəmləndirdi və bu sahədəki innovasiyaları nümayiş etdirdi. Azərbaycanın iqlim dəyişikliyi sahəsindəki irəliləyişləri isə göz qabağındadır. Dövlətin iqlim siyasətindəki ən əhəmiyyətli dəyişikliklərdən biri, bərpa olunan enerji mənbələrinə yatırımların artmasıdır. Prezident İlham Əliyev Azərbaycanın enerji istehsalının təmiz və yaşıl enerji mənbələrindən ibarət olmasını təmin etməyi planlaşdırır. Bu, həm ölkənin daxili bazarını təmin etmək, həm də qlobal iqlim siyasətinə töhfə vermək məqsədini daşıyır. COP29-da Azərbaycan, həmçinin regional və beynəlxalq əməkdaşlıq məsələlərini müzakirə edib. Bu platformada Azərbaycan yaşıl iqtisadiyyat və təmiz enerji sahəsində dünya üzrə mövcud olan ən son texnologiyalarla tanış olacaq. COP29-un Azərbaycanda keçirilməsi ölkənin təkcə qlobal iqlim siyasətinə verdiyi töhfə ilə deyil, həm də öz iqtisadi inkişafı üçün uzunmüddətli hədəflər qoyması ilə də önəmlidir. Bu tədbir həm də Azərbaycanın digər dövlətlərlə iqtisadi və texnoloji əməkdaşlığını artırmaq, yeni investisiyaları cəlb etmək və gələcəkdə yaşıl enerji bazarına daha çox daxil olmaq üçün mühüm bir fürsət olacaqdır.