Xəbərlər
Novruz: xalqımızın duyğu və düşüncələrini dilə gətirən qədim el bayramı

“Novruz bayramı xalqımızın duyğu və düşüncələrini dilə gətirən qədim el bayramımızdır. Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramını Azərbaycan xalqı hər zaman böyük sevinc və yüksək əhvali-ruhiyyə ilə qeyd edir. Novruz insanlar arasında münasibətləri tənzimləyən, səmimiyyəti önə çəkən, yüksək dəyərləri özündə ehtiva edən, ümumxalq səviyyəsində qeyd olunan bayramdır. Azərbaycan xalqının milli-mənəvi varlığını dolğunluğu ilə əks etdirən Novruz - dirilik, bərəkət, ruzi bayramıdır. O, xalqımızın məişəti, adət-ənənəsi, gün-güzəranı, həyat tərzi, təfəkkürü, intellektual səviyyəsi ilə qırılmaz tellərlə bağlı olub. Novruz nəsildən-nəslə keçərək milli bayram və xalq mərasimi kimi yaşamaqdadır.” Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, xeyirxahlığın, birliyin təcəssümü olan Novruz bayramı UNESCO tərəfindən beynəlxalq səviyyədə qeyd olunur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Novruz bayramı UNESKO-nun qeyri-mədəni irs siyahısına daxil edilib. 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Hindistan, İran, Qırğızıstan, Pakistan, Türkiyə, Özbəkistan) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü” elan olunub.
Qürurverici haldır ki, artıq bir neçə ildir düşmən tapdağından Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Müzəffər Ordumuzun gücü ilə azad edilmiş torpaqlarımızda Novruz sevinci yaşanır, bayram tonqalları qalanır. Düşmənin dağıdıb viran qoyduğu, Azərbaycan dövlətinin bərpa və yenidən qurulmasını həyata keçirdiyi yurd yerlərimiz bu gün bir başqa büsata, başqa bir ovqata bürünür.
Onun sözlərinə görə, hər il Novruz bayramı münasibətilə xalqımıza təbrik ünvanlayan dövlət başçısımız 2021-ci ildə qalib ölkəmizin vətəndaşlarına xoş arzu və niyyətlərini Qarabağın döyünən qəlbindən – Şuşadan, 20 mart 2022-ci il tarixində Suqovuşandan, 18 mart 2023-cü il tarixində Talışdan, 18 mart 2024-cü il tarixində Xankəndindən çatdırdı.
“Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi. Hər il Novruz bayramı ərəfəsində hamımız yəqin ki, fikirləşirdik, bir-birimizə deyirdik, inşallah, gələn il Novruz bayramını Qarabağda qeyd edək, gələn il Novruz bayramını Şuşada qeyd edək və bu gün gəldi. 28 ildən sonra biz Şuşaya qayıtdıq. Novruz bayramını Cıdır düzündə qeyd edirik, tarixi ədaləti bərpa etmişik” Ölkə Prezidentinin tonqal ətrafında səsləndirdiyi fikirlər qürur və iftixar yaradır, hər bir ölkəsini, Vətənini sevən soydaşlarımızın yaddaşında əbədi həkk olunur.
Azadlığına qovuşmuş torpaqlarımızda da Novruz bayramının qeyd edilməsi, mədəniyyətimizə, tariximizə, torpaqlarımıza sahib çıxmaqla yanaşı, tarixi ədalətin bərpasının, Azərbaycan xalqının o torpaqlara qəhrəman xalq kimi, müzəffər dövlət kimi qayıtmasının daha bir təsdiqidir.