Xəbərlər
Novruz tonqalları artıq azad edilmiş ərazilərimizdə alovlanır

Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri
Hər bir bayram tədbiri bir hesabat xarakteri daşıyır. Son beş ildə Zəfərdən Zəfərə doğru inamla addımlayan Azərbaycan yaratdığı reallıqları ilə dünyanın diqqətindədir. Qalib, bütövləşən, yeni dövrə qədəm qoyan Azərbaycan bayramları, əlamətdar günləri xoş ovqatda, qürurla qeyd edir. Novruz bayramı bu qürurumuzun təqdimatında öz sözünü deyir. Belə ki, azad edilmiş ərazilərimizdə alovlanan Novruz tonqalları bir daha bu çağırışı özündə ehtiva edir ki, bu torpaqların sahibi bizik və burada əbədi olacağıq.
Ümummilli Lider Heydər Əliyev daim bu əminliyi ifadə edirdi ki, biz torpaqlarımızın azadlığını, ərazi bütövlüyümüzü təmin edəcəyik, müstəqil Azərbaycanın hüdudlarını bərpa edəcəyik. Prezident İlham Əliyev Ulu Öndərin arzularını reallığa çevirdi. Ümummilli Lider Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində Azərbaycanı daha da güclü, qüdrətli ölkəyə çevirən cənab İlham Əliyev xalqımıza Zəfər sevincini yaşatdı. 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz xalqımızın torpaq həsrətinə son qoydu, ədalət bərpa edildi. Tarixi Zəfərimizdən üç il sonra isə 2023-cü ilin sentyabr ayında həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Artıq bütün torpaqlarımız tarixi sahibinə qovuşduğu üçün sevinclidir. Bayramlarımız bu sevinci daha da artırır. Çünki 30 ilə yaxın düşmən tapdağı altında qalan torpaqlarımız bu günü böyük səbirsizliklə gözlədilər və o gün gəlib.
Son beş ildə Müzəffər Ali Baş Komandan İlham Əliyev Novruz tonqallarını azad edilmiş torpaqlarımızda alovlandırır, xalqımızı bu məkanlardan təbrik edir. Ötən il bu sevinci Xankəndi şəhəri yaşadı. Cənab İlham Əliyev Xankəndi şəhərində Zəfər meydanında Novruz tonqalını alovlandırdıqdan sonra xalqa müraciətində bildirdi ki, dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, 2023-cü il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır. 2023-cü ilin sentyabrında cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində suverenliyimizi tam bərpa etdiyimizi böyük qürur hissi ilə vurğulayan dövlət başçısı İlham Əliyev bildirdi ki, bu gün Azərbaycanın ərazi bütövlüyü tamamilə təmin edilmişdir. Geniş quruculuq işləri aparılır, biz artıq keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytara bilmişik və bu proses davam edəcək. Həmin təbrikdə bir daha vurğulandı ki, elə bir gənc nəsil yetişdirildi ki, bu gənc nəsil bizim xalqımız üçün əbədi qürur mənbəyi olacaq və bütün dünyaya Azərbaycan xalqının böyüklüyünü nümayiş etdirmişdir. Bizim gənclərimiz vətənpərvərlik ruhunda, milli ruhda yetişdirildi, torpaqlarımızı azad etmək üçün ölümə getməyə hazır idilər və ölümə gedirdilər. Bu gün biz azad edilmiş Qarabağda başımızı dik tutaraq yaşayırıq. Hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq.
Birlik, həmrəylik bayramı olan Novruz bayramı suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycanın hər yerində böyük təntənə və Qələbə sevinci ilə qeyd edilir. Novruz bayramı bütün dünyada 300 milyondan artıq insan tərəfindən yeni ilin başlanğıcı kimi qəbul olunur. Artıq 3 min ildir ki, Novruz Balkanlarda, Qara dəniz hövzəsi regionunda, Qafqazda, Mərkəzi Asiyada, Yaxın Şərqdə və digər regionlarda qeyd edilir. Novruz bir çox türk xalqları ilə bərabər, Azərbaycan xalqının milli-mənəvi varlığını dolğunluğu ilə əks etdirən, ümumxalq səviyyəsində qeyd olunan, etnik təfəkkürün ayrılmaz funksional səviyyəsinə çevrilən bayramdır.