YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Novruz- dostluq, həmrəylik, yüksək mənəviyyat

Rəşad Mahmudov

Milli Məclisin deputatı

Tarixi ənənələrimizdən irəli gələn müqəddəs dəyərlərimizdən biri də Novruz bayramıdır. Novruz Azərbaycan xalqı üçün yalnız fəsil, təqvim dəyişikliyi deyil. Tarixin bütün dövrlərində Novruz arzu və diləklərin gerçəkləşməsi, qaranlıqdan aydınlığa çıxış bayramı kimi qeyd olunur. Ən ağır dövrlərdə xalq Novruz şənliklərini təmtəraqla qeyd edərək gələcəyə ümidini bu bayrama ünvanlayıb. İmperiya işğalı dönəmində hər cür basqıya rəğmən öz müqəddəs bayramlarını, adət-ənələrini unutmayan xalqımız aşkar olmasa da, Novruz bayramını ruhunda və qəlbində qoruyub saxlayıb.

Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bu qadağalar aradan qaldırılsa da, hərbi-siyasi və sosial böhran xalqımıza Novruzu ürək genişliyi, könül rahatlığı ilə keçirməyə imkan vermirdi. Yalnız Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra dövlətimizin ayaqda durması ilə bu bayram kütləvi şəkildə qeyd olunmağa başladı.

Adət-ənələrimizə hər zaman dərin ehtiram bəsləyən, milli- mənəvi dəyərlərimizin qoruyucusu və himayəçisi böyük Heydər Əliyev Novruzu dostluq, həmrəylik, yüksək mənəviyyat bayramı sayır, bu ali məqamın

min illərdir əcdadlarımızdan bizə yadigar qaldığını qeyd edirdi. Eyni zamanda Novruzu təkcə türk xalqlarının ortaq bayramı deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edirdi. Çünki Azərbaycan xalqının daxili mental hissini, multikultural həyatını ifadə edən Novruz həm də mehriban qonşuluq və tolerantlıq kimi ümumbəşəri dəyərləri təlqin edir. Ona görə də birgəyaşayışı özündə ehtiva edən barış, sülh simvolu olan Novruzu dünyada tanıtmaq, mədəniyyətimizi nümayiş etdirmək hər birimizin borcudur. Necə ki, əcdadlarımız bu müqəddəs missiyanı şərəflə yerinə yetiriblər.

Novruz bayramının beynəlxalq müstəvidə tanıdılması, təbliği istiqamətində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın danılmaz xidmətləri var. Məhz Mehriban xanımın gərgin zəhməti hesabına bəşəri və milli-mənəvi dəyərləri özündə ehtiva edən Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. Bununla yanaşı, Mehriban xanımın təşkilatçılığı ilə ölkəmizdə Novruz bayramı cəmiyyət üçün faydalı humanitar marafon və aksiyalarla yadda qalaraq bayrama bayram qatır.

2007-ci il Novruz bayramı ərəfəsində Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Hərəmiz bir ağac əkək” kampaniyası çərçivəsində respublikanın bütün şəhər, rayon və qəsəbələrində vətəndaşlar geniş yaşıllaşdırma kampaniyasına qoşulmuşlar, layihə çərçivəsində yüz minlərlə ağac əkilib, yeni parklar və bağlar salınıb. Bu nəcib aksiya  bir daha onu göstərir ki, Azərbaycan COP29 kimi mötəbər tədbirin Bakıda keçirilməsi ilə bağlı ötən il elan etdiyi yaşıl dünya naminə həmrəyliyə hər zaman sadiqdir.

Yazın müjdəçisi olan və kütləvi şəkildə el şənliyi kimi keçirilən Novruz arzular, istəklər, dualar bayramıdır. Uzun illər “gələn Novruzu Qarabağda qeyd edək” arzusu ümumxalq duası olub. Nəhayət, Müzəffər Ali Baş Komandanın siyasi iradəsi və hərbi qətiyyəti ilə bu dualarımız və arzularımız gerçəkləşdi. Ölkəmizdə bu illər ərzində kök salmış erməni separatizmi şanlı ordumuz tərəfindən məhv edilərək işğal altında olan torpaqlarımız azad olundu.

Tarixi yurd yerimiz olan Qarabağda, Şərqi Zəngəzurda bayram tonqalı qalanır.

Xalqımız yenilməz Sərkərdəsi ilə milli problemlərini, dərdlərini həll edib. Bu gün Xankəndidə, Şuşada, Laçında, Kəlbəcərdə, bir sözlə, Azərbaycan boyunca tək Novruzun yox, həm də bütöv və qüdrətli Azərbaycan dövlətinin sevincini yaşayırıq. Bu bayram sevinci həm də daha xoşbəxt gələcəyə inamın ifadəsidir.