YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Dostluq, həmrəylik bayramı

Fəxrəddin Vəliyev

YAP Şəmkir rayon təşkilatının sədri

Bolluğun, bərəkətin, xeyirxahlığın təcəssümü olan Novruz bayramı ərəfəsindəyik. Od, Su, Yel, çərşənbələrini yola salan xalqımız sonuncu, Novruzun müjdəçisi olan Torpaq çərşənbəsini qeyd edəcək. Ulu Öndər Heydər Əliyev Novruz bayramını belə xarakterizə etmişdir: “Novruz bayramının bizə bəxş etdiyi ən gözəl nemət ondan ibarətdir ki, qədim zamanlardan bu bayramda insanlar kin-küdurəti unudur, küsülülər barışır, ziddiyyətlər aradan götürülür. Demək, bu, dostluq, həmrəylik, yüksək mənəviyyat bayramıdır”.

Artıq beş ildir ki, bütün ərazilərimizdə Novruz tonqallarının alovlanmasının qürurunu yaşayırıq. Dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizdən sonra 2021-ci il martın 20-də Şuşadan xalqımıza Novruz təbrikində söylədiyi «Deyirdim ki, biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Deyirdim ki, biz Novruz bayramını torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda qeyd edəcəyik və bu gün gəldi. Bu gün biz Novruz bayramını qədim şəhərimizdə, Azərbaycanın mədəniyyət paytaxtı Şuşada qeyd edirik. Bu, tarixi hadisədir. Bu, böyük xoşbəxtlikdir» fikirləri ilə  bu bayramın  xalqımızın milli birliyinin və həmrəyliyinin təcəssümü olduğunu bir daha diqqətə çatdırdı.

Bu məqam da qeyd edildi ki, işğal altında qalsa da Şuşa Azərbaycan xalqının ruhunu qoruya bildi və bizi gözləyirdi: «Biz də gəlməli idik və gəlmişik… Biz bu milli birliyi, milli həmrəyliyi təmin edə bildik. Bu, olmasa idi, bu Qələbə də olmayacaqdı».

Təkcə Şuşada deyil, işğaldan azad edilmiş bütün torpaqlarımızda, Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə Novruz tonqalları alovlanır. Bu qüruru, sevinci xalqımıza yaşadan  Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Ordumuza hər zaman  minnətdarıq.  «Mən demişdim ki, hər şeyi vaxtında etmək lazımdır. Nəyi, nə vaxt, necə etmək lazımdır, bilirəm. Mənim üçün torpaqların azad edilməsindən daha ümdə vəzifə heç vaxt olmamışdır. Bütün prezidentlik dövrümü mən buna həsr etmişəm. Hər bir qərarın arxasında bu məqsəd, bu hədəf dayanmışdı - bu addım bizi qələbəyə yaxınlaşdıracaqmı, yoxsa yox» söyləyən Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərimizin beşiyi olan Şuşanın dirçəldilməsi naminə gördüyü işlər bütün ərazilərdə uğurla  davam etdirilir. Artıq sakinlərinə qovuşan ünvanların sayı artır.  Füzuli, Laçın, Şuşa, Xocalı, Cəbrayıl şəhərlərinin sırasına tezliklə Xankəndi, Ağdam və digər şəhərlərimizin də daxil olacağı nəzərdə tutulur. Bundan sonra elimizdə-obamızda alovlanan bayram tonqalları daha gur yanacaq. Azərbaycan xalqı əsrlərdən bəri ulularımızdan ərməğan qalan torpağa bağlılıq duyğularını bayram tonqallarının ətrafındakı şənlikləri, həmrəylikləri, işğaldan azad olunmuş torpaqlarımıza yeni həyat verməklə bildirəcəklər.

Xalqımızın illərdən qoruyub yaşatdığı ən ülvi keyfiyyətləri özündə cəmləşdirən bayram kimi Novruzun beynəlxalq səviyyədə tanınması təqdirəlayiqdir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.  28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən, Novruz çoxmillətli (Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Pakistan, Hindistan, İran) nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. Novruz bayramı bəşəri və milli-mənəvi dəyərləri ehtiva edir.  İslamdan əvvəl tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. Novruz təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir.