YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan sülh prosesinin təşəbbüskarıdır

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri    

Hər bir beynəlxalq əhəmiyyətli tədbir mahiyyəti ilə diqqətdədir.  Prezident İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda keçirilən XII Qlobal Bakı Forumunda dövlətimizin  başçısı İlham Əliyevin   proqram xarakterli çıxışında Bakı Forumunun beynəlxalq nüfuzunu artıran amillərə, gələcək fəaliyyətinə, iştirakçı dövlətlərin say tərkibinin artması fonunda  aktual məsələlərin həllinə  töhfələrin  verilməsinə diqqət yönəldildi. Cənab İlham Əliyev bu mühüm tədbirin təmsilçilik səviyyəsinin  və intellektual potensialının aparıcı beynəlxalq konfranslara uyğun  olduğunu vurğuladı. Belə ki, Forumda dünyanın müxtəlif regionlarından 400-ə yaxın nüfuzlu siyasi xadim, o cümlədən azı 50 fəaliyyətdə olan və sabiq prezident, Baş nazir, həmçinin BMT strukturlarının rəhbərləri, alimlər və ekspertlər iştirak edirlər. Martın 15-dək davam edəcək XII Qlobal Bakı Forumunda “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı”, “Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması” və “Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması” mövzularında panellər təşkil olundu.

Qlobal problemlərin  ölkəmizdə müzakirə edilməsi Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olduğunu bir daha təsdiqlədi. Dövlətimizin ədalətə və beynəlxalq hüquqa söykənən mövqeyi ikitərəfli, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin genişlənməsində öz sözünü deyir. Cənab İlham Əliyev Forumdakı çıxışında Azərbaycanın qlobal problemlərin həllinə verdiyi töhfələrdən, hazırkı dövrün çağırışlarından, tarixi Zəfərimizin reallıqları əsasında regionda və dünyada baş verən dəyişikliklərdən  geniş bəhs etdi. Azərbaycanın ötən ilin noyabrında uğurla ev sahibliyi etdiyi COP29 konfransı iqlim dəyişiklikləri ilə mübarizədə qlobal transformasiya prosesinə mühüm töhfə kimi dəyərləndirildi. “Həqiqətən çox fərəhlənirik ki, təxminən 200 ölkənin yekdil qərarı ilə seçildik” söyləyən cənab İlham Əliyev bildirdi ki, bu, ölkəmizə  olan hörmətin, etimadın təzahürü, eləcə də yaşıl keçid üzrə fəaliyyətimizə verilən qiymət idi. Baxmayaraq ki, faydalı qazıntılarla zənginik, gündəliyimizdə bərpaolunan enerjiyə diqqət yetirilir. Bu gün artıq qərara alınıb ki, gələn illərdə Azərbaycanın bərpaolunan enerji imkanları faydalı qazıntıdan olan enerji istehsalına demək olar ki, bərabər olacaq. Bu gün Azərbaycanda yaradılmış enerji istehsalı imkanları 8 giqavatdır. 2030-cu ilə qədər bərpaolunan enerjidən, əsasən günəş və küləkdən, o cümlədən Azərbaycanın azad edilmiş ərazilərdəki hidroresurslardan əlavə 6.5 giqavatlıq enerji güclərimiz olacaq. Beləliklə, bu günə olan potensialımızı demək olar ki, iki dəfə artıracağıq. Bunun sayəsində nəinki neft və qazı, o cümlədən yaşıl enerjini də ixrac edə biləcəyik. Bu rəqəmlər tamamilə realdır. Onlar artıq imzalanmış müqavilələrə və anlaşma memorandumlarına əsaslanır. Həmin layihələrin icrasını görürük. Beləliklə, Azərbaycanda COP29-u təşkil etmək qərarı Azərbaycanın öz enerji sərvətlərinə çox məsuliyyətli yanaşmasından irəli gəlir. O da qeyd edildi ki, COP29 “Bakı sıçrayışı” adlandırıldı və bu, mühüm irsdir.

Dövlət başçısının XII Qlobal Bakı Forumunda xüsusi olaraq diqqət yönəltdiyi məsələlərdən biri torpaqlarımızın işğaldan azad edilməsi oldu. “Mübarizəmiz ədalət, beynəlxalq hüquq və ləyaqətimiz üçün mübarizə idi” deyən cənab İlham Əliyev bu reallığı vurğuladı ki, BMT-nin Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalan qətnamələrini icra etdik. Əgər torpağımızı güclə azad etməsəydik, onlar növbəti 27 il də kağız üzərində qalardı.

O da bildirildi ki,  Ermənistan-Azərbaycan prosesinə gəldikdə, biz işğal illərini, o cümlədən Ermənistanın işğalı və təcavüzü nəticəsində Azərbaycan xalqının çəkdiyi əzab-əziyyətləri yaddan çıxara bilmərik və çıxarmayacağıq. Azad olunmuş ərazilərə səfər edənlər barbarlıq səviyyəsini görə bilər. Bütün şəhərlərimiz xarabalığa çevrilib. İndi isə onları yenidən tikirik. Hər bir şey yerlə-yeksan olunubdur və bu, kəndlərimizə, şəhərlərimizə qarşı bilərəkdən urbisid idi, dinimizə və tarixi irsimizə qarşı bilərəkdən zərbə idi. 65 məscid dağıdılıb və nəinki azərbaycanlıların, o cümlədən bütün dünya müsəlmanlarının hisslərini təhqir etmək üçün orada donuz və mal saxlayıblar. Biz bunu yaddan çıxarmayacağıq. Biz 613 insanın, onlardan 60-dan çox uşağın və 100-dən artıq qadının ermənilər tərəfindən qətlə yetirildiyi Xocalı soyqırımını yaddan çıxarmayacağıq. Lakin, eyni zamanda, biz gələcəyə nəzər salmalıyıq. Biz Cənubi Qafqazda sülhə nail olmalıyıq. Bu baxımdan, Azərbaycan sülh prosesinin təşəbbüskarı olub. Əslində, Azərbaycan hətta bu gün Ermənistanla müzakirə olunan və əsasən razılaşdırılmış sülh sazişi layihəsinin, həmin sülh müqaviləsinin müəllifidir.

Azərbaycan hər zaman sabitliyin, sülhün tərəfdarıdır, bütün məsələlərin ədalət və beynəlxalq hüquq çərçivəsində həllinə səy göstərir. Dövlətimizin uğurlu və düşünülmüş siyasəti nəticəsində ölkəmiz sabitlik, əməkdaşlıq məkanı kimi nüfuz qazanır. Tarixi Zəfərimizdən dərhal sonra ölkəmizin  regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərində yeni səhifənin açılması üçün qarşı tərəfə sülh təklifini etməsi də bunun bariz nümunəsidir.

Prezident İlham Əliyev XII Qlobal Bakı Forumu zamanı “Euronews” televiziyasına müsahibəsində də bu məsələlərə xüsusi diqqət yönəltdi. Jurnalistin “Biz dünyada çoxsaylı geosiyasi dəyişikliklərin şahidi oluruq. Əsasən, xüsusilə də bu regionda baş verən dəyişikliklərlə bağlı mövqeyiniz nədən ibarətdir” sualına cavab olaraq qeyd etdi ki, əlbəttə, ətrafımızda baş verən böhranlardan regionumuzun qorunması vacib məsələdir. Təəssüflər ki, onilliklər ərzində Cənubi Qafqaz qarşıdurma və düşmənçilik bölgəsi olub. Hazırda nisbətən sakit dövrdəyik və biz diqqətimizi buna yönəltməliyik. Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq və sovet dövründə olduğu kimi qonşuluq şəraitində yaşamağa çalışmalıyıq: “Bəli, biz o zaman müstəqil dövlətlər deyildik, gələcəyimizi planlaşdırmaq iqtidarında deyildik və böyük mənada mərkəzi sovet hakimiyyətindən asılı vəziyyətdə idik. Ancaq ən azından Cənubi Qafqaz respublikaları arasında fəal təmaslar var idi. Yəni, biz belə bir təcrübəyə malikik və sadəcə, bunu nəzərimizdə saxlamalıyıq. Bu regionla əlaqədar biz geosiyasi transformasiyalar ilə bağlı geridə qalmamalı, diqqətimizi regional problemlər və regional fürsətlər üzərində cəmləşdirməliyik”.

Reallıq budur ki, strateji coğrafi mövqeyi sayəsində Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əsas nəqliyyat və logistika qovşağına çevrilib. Ölkəmiz qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında regionda sabitliyin və inkişafın təmin olunmasına çalışır. Prezident İlham Əliyevin qətiyyətli liderliyi, uğurlu siyasəti Azərbaycanın beynəlxalq nüfuzunun və tərəfdaş ölkələrlə əməkdaşlıq imkanlarının durmadan genişlənməsini təmin edir.