YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Şimali Makedoniya arasında münasibətlər dostluq və qarşılıqlı faydalılıq prinsipləri əsasında inkişaf edir

“Azərbaycanın xarici siyasətində Balkan yarımadası dövlətləri ilə əlaqələrin genişlənməsi prioritet istiqamətlərindən biridir. Bu baxımdan, Şimali Makedoniya ilə münasibətlər önəmlidir. Şimali Makedoniya Prezidenti Qordana Silyonovska-Davkovanın Azərbaycana rəsmi səfəri ölkələrimiz arasında münasibətləri daha da gücləndirəcək”. Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, Azərbaycan Balkanlarda yerləşən Şimali Makedoniya üçün də cəlbedici ölkədir. Oxşar tariximiz və inkişaf prosesləri, eyni zamanda, Azərbaycanın karbohidrogen ehtiyatları dövlətlərimiz arasındakı əlaqələrin inkişafı zərurətini meydana çıxarıb. Yuqoslaviyanın dağılması ilə 1990-cı ildə ilk dəfə olaraq Şimali Makedoniyada çoxpartiyalı sistem üzrə parlament seçkiləri keçirildi və yeni parlament ölkənin prezident və hökumətini seçdi. Azərbaycan ilə Şimali Makedoniya arasında diplomatik münasibətlər 1995-ci ilin iyununda qurulub. Həmin ildə Azərbaycan Şimali Makedoniyanın müstəqilliyini tanıyıb. 2023-cü ildə Azərbaycanın Serbiyadakı səfiri, eyni zamanda, Şimali Makedoniyaya təyin olunub. Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.

Millət vəkilinin sözlərinə görə, Rusiya ilə Ukrayna arasında davam edən müharibə Avropanın enerji təhlükəsizliyinə təhdid yaradıb. Ukraynada hərbi əməliyyatlar başlayandan bəri Avropanın enerji bazarında təbii qazın qiyməti artıb. Belə ki, ötən ilin dekabrında Avropa birjalarında təbii qazın qiyməti 30 faiz artaraq 1000 kubmetr üçün 560 dollardan 700 dollara yüksəlib. Bu vəziyyət Balkan dövlətlərini də düşündürür və onları enerji təhlükəsizliyinin təmin olunması üçün yollar axtarmağa vadar edir. Azərbaycan 2021-ci ilin iyulunda Avropa İttifaqı (Aİ) ilə imzaladığı müqaviləyə əsasən, 2027-ci ilədək Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya təbii qaz ixracının həcmini 30 milyard kubmetrə çatdıracaq. Bu gün Yunanıstanın təbii qaza olan tələbatının 18 faizini Azərbaycan ödəyir. Cari ildə Yunanıstana 1,2 milyard kubmetr təbii qazın ixrac edilməsi nəzərdə tutulub. Azərbaycanın təsdiq edilmiş təbii qaz ehtiyatı 2,6 trilyon kubmetrdir ki, bu da uzun müddətdə qaz ixracının artırılmasına imkan verir.

“Ölkəmizin bir çox qlobal neft və qaz layihələri Şimali Makedoniyanın da maraq dairəsindədir. Prezident İlham Əliyevin mətbuata bəyanat zamanı dediyi kimi, energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq bizim üçün çox önəmlidir və bu praktiki əməkdaşlıq digər sahələrdə də əməkdaşlığa gətirib çıxaracaq. Məlumdur ki,  Cənub Qaz Dəhlizi, Trans Anadolu Qaz kəməri (TANAP), Trans Adriatik Qaz kəməri (TAP) layihələrində Azərbaycanın əməkdaşlıq etdiyi ölkələrin bir çoxunun da Şimali Makedoniya ilə yaxın əlaqələri mövcuddur. Bakı ilə Skopye arasında əməkdaşlıq ölkəmizin Qərbdə xüsusilə daha da aktuallaşan enerji təhlükəsizliyi məsələsində güclənən mövqeyini və rolunu bir daha ifadə etmiş olur. Bütün bunların fonunda Şimali Makedoniya Prezidenti Qordana Silyonovska-Davkovanın Azərbaycana rəsmi səfəri böyük əhəmiyyət kəsb edir”,-deyə deputat vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv