YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Şimali Makedoniya: etibarlı tərəfdaşlıq münasibətləri yeni perspektivlər vəd edir

Asif Əsgərov

Milli Məclisin deputatı

Azərbaycan Prezidenti İlham Əliyev Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkovanın ölkəmizə səfəri çərçivəsində mətbuata verdiyi bəyanatda iki ölkə arasında mövcud olan əməkdaşlıq perspektivlərini və əlaqələrin inkişafı üçün görülən işləri müsbət dəyərləndirib.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan və Şimali Makedoniya arasında siyasi dialoq dinamik xarakter daşıyır. Bu, iki ölkənin dövlət başçılarının qısa müddət ərzində ikinci dəfə görüşməsindən də aydın görünür. Siyasi əlaqələrin daha da möhkəmləndirilməsi üçün əlavə tədbirlər görülməsinin zəruriliyi vurğulanıb. Eyni zamanda, iqtisadi əməkdaşlığın, xüsusilə sərmayə qoyuluşu sahəsində imkanların araşdırılmasının vacibliyi diqqətə çatdırılıb.

Energetika sahəsində əməkdaşlıq iki ölkə arasında əhəmiyyətli bir mövzu kimi qeyd olunur. Azərbaycanın təbii qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılıb və bu il müntəzəm olaraq qaz təchizatı davam edəcək. Azərbaycan yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparır və bu səbəbdən gələcəkdə qaz təchizatı artırıla biləcək. Azərbaycan hazırda 12 ölkəyə, o cümlədən 10 Avropa ölkəsinə təbii qaz ixrac edir.

Prezident İlham Əliyev bəyanatında bildirib ki, təxminən üç il bundan əvvəl Bakıda imzalanmış Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq Bəyannaməsi bunun əyani təzahürüdür: “Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir və Avropadakı tərəfdaşlarımızın xahişlərinə biz hər zaman böyük diqqətlə yanaşmışıq. Yəni, energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq bizim üçün çox önəmlidir və mən ümid edirəm ki, bu praktiki əməkdaşlıq digər sahələrdə də əməkdaşlığa gətirib çıxaracaq...”.

İki dövlətin humanitar sahədə əməkdaşlığı xalqlar arasında mədəni və təhsil əlaqələrinin inkişafı üçün mühüm əhəmiyyət daşıyır. Şimali Makedoniya Prezidentinin Azərbaycanın mədəni həyatı ilə tanış olması və XII Qlobal Bakı Forumunda iştirakı bu əməkdaşlığın daha da genişlənməsi üçün əlavə imkanlar yaradacaq.

Azərbaycan və Şimali Makedoniya arasında diplomatik əlaqələr 1995-ci ildə qurulmuşdur. Hazırda iki ölkə arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlıq genişlənir. Dövlətlərarası müqavilə-hüquq bazası da inkişaf etdirilir, o cümlədən sərmayələrin qarşılıqlı qorunması və ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı sazişlər imzalanmışdır. 2024-cü ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda 5 Şimali Makedoniya investisiyalı kommersiya qurumu fəaliyyət göstərir.

Prezident İlham Əliyevin bəyanatı iki ölkə arasında mövcud olan əməkdaşlıq potensialını və bu əlaqələrin daha da genişləndirilməsi üçün görülən işləri əks etdirir. Azərbaycan və Şimali Makedoniya arasında ikitərəfli münasibətlər müxtəlif sahələri əhatə etməklə dinamik inkişaf yolundadır. Enerji sahəsində əməkdaşlığın başlanması, siyasi dialoqun intensivləşməsi və humanitar əlaqələrin genişlənməsi iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə xidmət edir. Qarşılıqlı maraqlara əsaslanan bu əlaqələrin gələcəkdə daha da dərinləşəcəyi və yeni sahələri əhatə edəcəyi gözlənilir. Bu istiqamətdə aparılan addımlar həm regionda sabitliyə, həm də hər iki xalqın rifahına töhfə verəcək.

DİGƏR Xəbərlər Arxiv