YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağcabədidə Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatı Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirib.

Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən müharibəsi şəhidlərinin, Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş videoçarx nümayiş olunub.

YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olduğunu deyib. O, faciəyə ilk dəfə hüquqi-siyasi qiymətin Ümummilli Lider Heydər Əliyev tərəfindən verildiyini, Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclisin “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edildiyini bildirib.

O qeyd edib ki, bu soyqırımı aktı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biridir.

Azərbaycan Ordusunun Vətən müharibəsi zamanı Xocalı qurbanlarının da qisasını aldığı, habelə bu gün Xocalının yenidən qurulduğu, Xocalıya həyat qayıtdığı diqqətə çatdırılıb.

Ağcabədi şəhər 9 saylı tam orta məktəbin müəllimi, partiya fəalı Gülmirə Abışova, Ağcabədi şəhər 7 saylı tam orta məktəbin direktoru, ərazi partiya təşkilat sədri Polad Musayev, Ağcabədi şəhər 3 saylı tam orta məktəbin müəllimi Aynur Hüseynova Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri barədə danışıblar.

Tədbirdə Qarabağ müharibəsi şəhidi Qaraş Əliyevin qardaşı Elşad Əliyev Xocalı həqiqətlərinin dünyaya çatdırılması və ədalətin bərpasının Xocalı qurbanlarının ruhu qarşısında mənəvi borc olduğunu söyləyib.