Xəbərlər
Samuxda partiya üzvləri ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının Sərkar və Qovlarsarı ərazi partiya təşkilatlarında partiya üzvləri ilə görüş keçirilib.
Görüşlərdə çıxış edən YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatındakı rolundan danışıb. O qeyd edib ki, Prezident İlham Əliyevin liderliyi ilə müstəqil dövlətimiz ötən illər ərzində tarixi və möhtəşəm uğurlara imza atıb. Cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi müddətdə bütün sahələr inkişaf etmiş, əhalinin rifah halı daha da yaxşılaşıb və xalqa verilən vədlər bütünlüklə yerinə yetirilib. Məhz dövlətimizin başçısının həyata keçirdiyi müdrik və uzaqgörən siyasət nəticəsində Azərbaycan sabitlik adasına, təhlükəsizlik məkanına, inkişaf diyarına çevrilib. Ən əsası ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olunub.
Görüşlərdə çıxış edən partiya üzvləri Şəmistan Yusifov, Ruhanə Həsənova, Gülağa Hüseyinov, Yasin Daşdəmirov, Elçin Əsədli və Ramil Aslanov müstəqil Azərbaycanın qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb, dövlətçilik strategiyasının ölkə başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıblar. Natiqlər YAP-ın Azərbaycan xalqının böyük inam və etimadını qazandığını, ümumxalq və qələbələr partiyasına çevrildiyini söyləyiblər.