Xəbərlər
Böyük Qayıdışa addım-addım yaxınlaşırıq

Elnarə Akimova
Milli Məclisin deputatı, filologiya elmləri doktoru
Ağdam Azərbaycanın ən çox dağıntıya, vandalizmə məruz qalan ərazisi idi. 1993-cü il, iyulun 23-də işğal ediləndən bu yana şəhəri xarabazara çevirmək üçün əllərindən gələn heç nəyi əsirgəməmişdi erməni vandalları. Rayonun yaşayış məntəqələrini talayıb, darmadağın edib, tarixi, mədəni, dini abidələri, qəbiristanlıqlari yerlə bir etmişdilər. Təsadüfi deyil ki, 2001-ci ildə işğal altında olan ərazilərə səfər edən məşhur amerikalı jurnalist və yazıçı Tomas de Vaal dağıdılmış məscidin minarəsindən ziyarət edərkən dağıntıların miqyasına görə, Ağdamı 1945-ci ildə ABŞ-ın atom bombası nəticəsində dağılmış Yaponiyanın Xirosima şəhərinə bənzətmişdi. Bundan sonra Ağdamı simvolik olaraq, “Qafqazın Xirosiması” adlandıranlar da vardı.
2020-ci il, noyabrın 23-də işğaldan azad olunandan sonra ilk dəfə Ağdam məscidində olan Prezident İlham Əliyevin çıxışını xatırlayıram: “Bu gün Ağdam şəhərini dağılmış vəziyyətdə görmək çox ağrılıdır. Amma mən bir neçə il bundan əvvəl bu bölgədə olarkən, bizim səngərlərdə olarkən, o binanı binoklla görmüşəm. Bu hissləri sözlə ifadə etmək çətindir, mümkün deyil. Öz torpağımızda öz şəhərimizi, bax, o binanı binoklla uzaqdan görmək, buraya gələ bilməmək nə qədər ağrılı idi. Dəfələrlə təmas xəttində olarkən, səngərlərdə olarkən, fikirləşirdim ki, gün gələcək biz qayıdacağıq, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik”.
Və hər zaman olduğu kimi, Prezidentin çıxışındakı ümidlə dolu məqamlar, quruculuq işləri ilə bağlı əsası qoyulmuş planlar, gələcəyin cızılmış yol xəritəsi! Bu xəritədə Ağdamın yeni obrazının, yeni görkəminin də yeri və müstəsnalığı boy verirdi: “Ağdam yenidən bərpa edilərək Azərbaycanın ən gözəl şəhərləri sırasında olacaq. İndi Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var. Biz bu torpaqları, bu şəhərləri, bu kəndləri bərpa edəcəyik. Ağdam rayonu yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, aqrar sənayenin, kənd təəsrrüfatının gur inkişaf etdiyi rayonlarından birinə çevriləcək”.
Doğrudan da, ötən beş ilə yaxın müddət ərzində Ağdam şəhərinin bərpası üçün baş plan hazırlandı, bura mütəxəssislər cəlb olundu, infrastruktur layihələr planlı şəkildə icra edilməyə başlanıldı, inzibati binalar, sosial obyektlər, yollar və digər quruculuq işləri üçün hazırlıqlar başlandı. Ötən illərdə Cənab Prezidentin göstərişilə Ağdam rayonunun mərkəzinə çevirilmiş Quzanlı qəsəbəsində sosial obyektlər, infrastruktur və sənaye müəssisələri, insanlar üçün iş yerləri yaradıldı, böyük Olimpiya İdman Kompleksi, xəstəxana, məktəblər, Muğam Mərkəzi inşa edildi. Ötən gün, fevralın 18-də Prezidentin Ağdama səfəri də vaxtında atılmış addımlara yenidən dönüş, edilən işlərlə bağlı verilən hesabat məqamı idi.
Bir haşiyə çıxım. 2020-ci il, noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva işğaldan azad olunan Ağdama ilk səfərlərini Ağdam məscidindən başlamışdılar. Onlar Ağdam məscidini ziyarət etmiş, Prezident İlham Əliyev Məkkədən gətirdiyi “Qurani-Kərim’’i Ağdam məscidinə bağışlamışdır. Bu, təkcə torpaqlarımıza deyil, həm də dəyərlərimizə qayıdışın ruhsan-mənəvi baxımdan bəyanı idi.
Fevralın 18-də gerçəkləşən səfər çoxyönlü bərpa-tikinti işlərinə yenidən nəzər yetirməklə bərabər, ümumən fəaliyyətin qlobal səciyyəsini meydana qoyurdu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın “Hilton Garden İnn” hotelində aparılan tikinti işləri ilə, “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə, 1268 mənzilli 2-ci yaşayış kompleksində mövcud tikinti işləri ilə tanışlığı, Əsgəran qala-kompleksinin konsepsiya layihəsi, Ağdam şəhər 1 nömrəli tam orta məktəb, 1 nömrəli körpələr evi-uşaq bağçasında aparılan tikinti işləri ilə tanışlığı, Ağdam Muğam Mərkəzində görülən tikinti işləri ilə tanışlığı, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin açılışında iştirakı bir daha göstərir ki, Qarabağın bütün regionlarında aparılan genişmiqyaslı bərpa və quruculuq işlərinə Prezidentin şəxsən özü nəzarət edir. Həm də təklif və əlavələriylə, modern baxış və qeydləri ilə. Bu mənada, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın azad edilmiş rayonlara hər səfəri aparılan yenidənqurma işlərinə yeni töhfələr vermək deməkdir. Bu töhfələr hər səfər zamanı regionun dirçəlməsi üçün ən vacib infrastruktur layihələrinin icrası, tarixi-mədəni, dini abidələrin bərpası, növbəti təməlqoyma mərasimlərinin əsasının qoyulması deməkdir. Müxtəlif tikinti işləri ilə tanışlıq göstərir ki, qarşıda böyük strateji hədəflər var. Bu hədəflər xalqın o torpaqlarda rahat yaşayışından tutmuş məktəb, təhsil, mədəniyyət təmininə qədər bütün sahələri əhatə eləyir. Nəqliyyat sisteminin fasiləsiz fəaliyyəti üçün yolların çəkilməsi, telekommunikasiya şəbəkələrinin qurulması, elektrik, su, istilik və qaz təchizatının təmin edilməsi prioritet istiqamətlərdən olduğu kimi, Muğam Mərkəzi, Əsgəran qalasının inşası, uşaq bağçası, körpələr evi, məktəb binalarının tikintisinə qədər bütün humanitar müstəviləri, ruhsal-mənəvi ehtiyacların ödənilməsini çevrələyən işlər də bizim üçün eyni səviyyədə önəm daşıyan məsələlərdir.
Bəli, Böyük Qayıdışa addım-addım yaxınlaşırıq. Biz digər yurd yerlərimizə olduğu kimi, Ağdama da qayıdırıq, böyük quruculuq işləri, mədəniyyət və mənəviyyat qalalarımızın bərpası, tikintisi ilə. İlham Əliyev hər addımda bir ibrətli məqamı gərk etdirir: torpağı qurub yaratmadınsa, əkib-becərmədinsə, onu qorumağa dəyməz. Şükürlər olsun ki, bu gün öz torpaqlarımızda qurub-yaradan da, əkib-becərən də özümüzük, onu göz-bəbəyi kimi qorumağa bütün canı, qanı ilə birlikdə atılan da.