Xəbərlər
Ölkəmizin tranzit potensialına beynəlxalq maraq artır
Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri
Yanvarın 28-də Prezident İlham Əliyevin sədrliyi ilə nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə bu sahədə strateji layihələrin icrası və gələcək inkişaf perspektivlərinə dair mühüm məsələlər müzakirə edilib.
2003-2023-cü illər ərzində həyata keçirilən struktur islahatları nəticəsində ölkə iqtisadiyyatı sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur. Nəqliyyat sahəsinin inkişafı, dayanıqlılıq, etibarlılıq, təhlükəsizlik və ətraf mühitin mühafizəsi standartlarına uyğunluğu baxımından konkret və sistemli tədbirlər həyata keçirilmişdir. Hazırda nəqliyyat sahəsində aparılan dövlət siyasəti özündə ölkəmizin sosial-iqtisadi inkişafı, əhalinin rifahının yüksəlməsi və dövlətimizin iqtisadi qüdrətinin artmasına yönələn tədbirləri əhatə edir.
Ölkə ərazisində sərnişinlərin rahat və təhlükəsiz daşınması, müasir nəqliyyat xidmətlərinin təşkil edilməsi məqsədilə Bakı şəhərində və bölgələrdə müasir səviyyəli avtovağzal kompleksləri inşa olunub, yerli və beynəlxalq marşrutlarda yeni avtobus xətləri açılıb.
Tarixi zəfərlərin əldə olunması ilə regionun ümumi rifahı üçün yeni əməkdaşlıq imkanları açılıb. Bu baxımdan təkcə siyasi əlaqələrin deyil, həm də daha geniş kontekstdə iqtisadi, humanitar və mədəni münasibətlərin normallaşdırılması üçün münbit şərait yaranıb. İşğaldan azad olunmuş ərazilərimizdə nəqliyyat infrastrukturunun yenidən qurulması, bu rayonlarda istər quruculuq dövründə, istərsə də sonrakı illərdə yük və sərnişin daşınmasına tələbatın təmin edilməsi, beləliklə, nəqliyyat xidmətlərinin bərpası prioritetlərdəndir.
Uzun illər işğal səbəbindən donmuş vəziyyətdə olan nəqliyyat əlaqələri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Hesab etmək olar ki, münaqişənin bitməsi və sülhün bərqərar olması regional nəqliyyat dəhlizləri əhəmiyyətini daha da artırıb.
Son 20 ilə nəzər salsaq, görərik ki, ölkə iqtisadiyyatı böyük inkişaf yolu keçib. Bu dövrdə Azərbaycanın nəqliyyat sektorunda əlamətdar hadisələr baş verib, ölkəmizin tranzit potensialı əhəmiyyətli dərəcədə artıb.
Bu gün ölkə daxilində gedən işlər də xüsusi önəm kəsb edir. Azərbaycanı dinamik inkişafa, tərəqqiyə, davamlı sabitliyə və yüksəlişə aparan Ümummilli Liderin siyasi kursunu qloballaşan dünyanın yeni tələblərinə uyğun olaraq uğurla reallaşdıran Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti ölkə iqtisadiyyatının, o cümlədən nəqliyyat-yol kompleksinin modernləşdirilməsi, hərtərəfli və sürətli tərəqqisi üçün böyük imkanlar yaradıb.
Azərbaycanın nəqliyyat sektoru dinamik inkişaf yolundadır. Prezident İlham Əliyevin dediyi kimi: “İnfrastruktur layihələrinin icrası artıq hamıya göstərdi ki, həm insanların rahat yaşaması üçün, həm də ölkəmizin inkişafı üçün bunun nə dərəcədə böyük əhəmiyyəti var. Bütün infrastruktur layihələri bundan sonra da icra olunacaqdır. Avtomobil yolları, magistral yollar, şəhərlərarası, şəhərdaxili yollar, kənd yolları - bütün bu layihələr icra edilir”.
Azərbaycanın tranzit potensialına beynəlxalq maraq artır. Bu gün ölkəmizə həm şimal, həm də cənub istiqamətindən daxil olan yüklərin həcmində əhəmiyyətli dərəcədə artım müşahidə edilir. Artıq həmin yüklərin avtomobil nəqliyyatı vasitəsilə daşınması müəyyən çətinliklər yaradır. Məhz bu səbəbdən Azərbaycan üçün prioritet məsələlərdən biri dəmir yolu vasitəsilə daha böyük həcmdə yükdaşımaların həyata keçrilməsinə nail olmaqdır. Azərbaycan öz ərazisindən yükdaşımaların həcminin artırılması üçün dəmir yolu infrastruktunu daha da təkmilləşdirir. Bütün bunlar ölkəmizin təkcə Qafqaz regionu üçün deyil, həm də bütün Avrasiyanın ticarət sistemi üçün səmərəli və etibarlı nəqliyyat qovşağı statusu əldə etməsinə imkan verib.