YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycanın dövlətçilik tarixində gənclərin rolu”

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Azərbaycanın dövlətçilik tarixində gənclərin rolu” mövzusunda tədbir keçirib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.  

Tədbirdə kikboksinq üzrə beynəlxalq turnirlərin qalibi, “Azərbaycan Atabəyləri” filmində Şəmsəddin Eldəniz obrazını canlandıran Zabit Səmədov, məşhur televiziya aparıcısı, “Azərbaycan Atabəyləri” filmində Zübeydə Xatun obrazını canlandıran Jalə Həsənli, YAP Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları çıxış ediblər.

Bildirilib ki, 2 Fevral – Azərbaycan Gəncləri Günü Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1997-ci ildə imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Hətta Azərbaycanda Gənclər Günü təsis edildikdən sonra BMT Baş Məclisi Beynəlxalq Gənclər Gününü elan edib.

O da vurğulanıb ki, bu gün Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin sayəsində ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır.

Diqqətə çatdırılıb ki, Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri 2020-ci ilin sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi olub. Tarixi missiyanı həyata keçirən qəhrəman gənclərimiz tarix, xalq, Vətən qarşısında misilsiz xidmətlər göstəriblər. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazıblar. Onların rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü və suverenliyi bərpa edib, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşub. Müstəqillik dövründə, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, müjdəni Azərbaycan xalqına bəxş ediblər. Ona görə də Vətən müharibəsində iştirak etmiş hər bir gəncə Azərbaycan xalqı minnətdardır.

Çıxışlardan sonra YAP Nizami rayon təşkilatının könüllülük layihəsinin məzunu olmuş bir qrup gənc, o cümlədən rayon təşkilatının ictimai-siyasi tədbirlərində aktiv iştirak edən Türk Ağsaqqalları İctimai Birliyinin Gənclər Təşkilatı təltif olunub.

Sonda “Azərbaycan Atabəyləri” filmi nümayiş etdirilib.

Qeyd edək ki, həmin gün YAP Nizami rayon təşkilatı tərəfindən Azərbaycan Gəncləri Günü münasibətilə əyləncəli tədbir də təşkil olunub.

YAP Nizami rayon təşkilatının sosial media işində aktiv fəaliyyətinə görə bir qrup gənc mükafatlandırılıb.