Xəbərlər
Milli birlik və həmrəylik hər bir məqsədə yüksək səviyyədə nail olmağa imkan verir

Füzuli Abdullayev
YAP Ağsu rayon təşkilatının sədri
Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı qüvvəyə çevrilən gənclər müstəqilliyin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində yaxından iştirak etmişdir. Gənclik gələcəyə ümid, özünə əminlik, tükənməz enerji, iradə və əzmin təcəssümüdür. Dahi şəxsiyyətlər də gəncliyi uşaqlıq və yetkinlik arasında həyat dövrü, gözəllik, güc-qüvvət anlayışı kimi izah etmişlər. Öz bilik və bacarığı ilə fərqlənən, hər hansı bir peşəyə yiyələnmiş, düzgün tərbiyə olunmuş zəkalı gənclər millətin, dövlətin nurlu gələcəyidirlər. Azərbaycan gənclərii öz həyatını qurarkən ilk öncə müstəqil Azərbaycanın bu günü və gələcəyi haqqında düşünür, fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir.
Ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin təməli Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu Öndər gənclər siyasətinin düzgün aparılmasını çox vacib və önəmli hesab edərək söyləmişdir: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən asılıdır”.
Heydər Əliyevin gənclər siyasətinin əsas məqsədi yeni nəslin sağlam yetişdirilməsi, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etmək idi. 2 Fevral - Azərbaycan Gəncləri Gününün təsis edilməsi məhz Ulu Öndərin adı ilə bağlıdır. Ümummilli Lider gənclərlə bağlı dövlət siyasətinə hər zaman yeni nəfəs vermiş, bu siyasətin davamlı xarakter almasını şərtləndirmişdir.
Tam əminliklə və qətiyyətlə deyə bilərik ki, Azərbaycan gəncliyi bu gün də dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Ümummilli Liderin əsasını qoyduğu gənclər siyasətini layiqincə davam etdirən cənab İlham Əliyev dövlət başçısı kimi fəaliyyətinin ilk dövrlərindən etibarən ardıcıl imzaladığı fərmanlarla, verdiyi tapşırıqlarla kadr potensialına, xüsusilə də gənclərin təhsilinə, sağlamlığına, asudə vaxtının səmərəli təşkilinə xüsusi diqqət yetirib. Gənc istedadların aşkar edilməsi, onların potensial imkanlarının inkişaf etdirilməsi və yüksək səviyyəli təhsil alması üçün əlverişli şəraitin yaradılması gənclər siyasətinin prioritet istiqamətlərindən biridir.
Ölkəmizin parlaq gələcəyinin təminatçısı olan gənclər müstəqil Azərbaycanın inkişafı naminə var qüvvəsini səfərbər edirlər. Bunun bariz nümunəsidir ki, Vətən müharibəsində gənc nəsil Ali Baş Komandanın ətrafında sıx birləşərək işğal altında olan torpaqlarımızı yağı düşməndən azad etmiş, dəmir yumruğun gücünü mənfur düşmənə göstərmişlər.
Gənclər siyasəti ölkənin gələcəyinə yönəlmiş strateji bir addım olaraq, gənclərin təhsil, məşğulluq və sosial inteqrasiyasını gücləndirməyə xidmət edir. Bu siyasət gənclərin potensialını maksimum dərəcədə ortaya qoymağa və onların cəmiyyətin inkişafına fəal qatılmalarını təmin etməyə yönəlmişdir. Dövlət tərəfindən həyata keçirilən proqramlar və təşəbbüslər gənclərin müxtəlif sahələrdə bilik və bacarıqlarını inkişaf etdirmək üçün mühüm imkanlar yaradır. Gənclər siyasətinin davamlı olaraq inkişaf etdirilməsi gələcəkdə müasir çağırışlara cavab verən güclü və yaradıcı nəslin yetişməsinə zəmin yaradacaq. Nəticədə, bu siyasət gənclərin ölkəmizin ictimai-siyasi həyatında daha fəal iştirak etmələrini təmin edəcək.