Xəbərlər
Dövlət gənclər siyasəti: dünyada müsbət və mütərəqqi nümunə
Asif Əsgərov
Milli Məclisin deputatı
1993-cü ildə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanın gələcək inkişafında gənclərin roluna xüsusi diqqət yetirmiş və onların cəmiyyətdə fəal iştirakını təmin etmək məqsədilə mühüm addımlar atmışdır. Gənclər siyasəti Ulu Öndərin dövlət idarəetmə strategiyasının prioritet istiqamətlərindən birinə çevrilmişdir. Onun uzaqgörənliyi və gənclərə olan inamı Azərbaycanın gənclər siyasətinin dayanıqlı bir modelə çevrilməsinə imkan yaratmışdır.
1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Ulu Öndər Heydər Əliyev gənclər qarşısında tarixi məqsəd və vəzifələr qoymuşdur. Bu Forum gənclərin cəmiyyətin müxtəlif sahələrində aktiv iştirakı və milli dəyərlərə bağlılığının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşımışdır. Ümummilli Liderin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, həmin tarix Azərbaycan Gəncləri Günü elan edilmişdir. Bu əlamətdar gün gənclərə dövlət səviyyəsində verilən dəyərin ən əhəmiyyətli təzahürlərindən biridir. Həmin vaxtdan etibarən MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda Gənclər Günü təntənəli şəkildə qeyd edilməyə başlanmışdır.
Heydər Əliyev gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bütün dünyaya nümunə olacaq çoxsaylı qərarlar vermişdir. Dahi Liderin imzaladığı fərman və sərəncamlar gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşması, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsi, sosial məsələlərinin həlli və faydalı məşğulluğunu tam təmin etmişdir.
Hazırda ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən yeni dövrün çağırışlarına uyğun şəkildə təkmilləşdirilib. Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini dərk edir və müəyyənləşdirilən strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verir.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2007-ci il ölkəmizdə “Gənclər ili” elan olunmuşdur. Dövlət başçısının bu təşəbbüsü gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da artmasına səbəb olmuşdur. Sərəncamla “Gənclər ili” elan olunmasına dair tədbirlər planı təsdiq edilmiş, o cümlədən respublikanın şəhər və rayonlarında “Gənclər evi”nin yaradılması nəzərdə tutulmuşdur.
Cənab İlham Əliyevin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, 2011-ci il 19 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması gənc nəslin parlaq gələcəyinə hesablanmış mütərəqqi siyasətin əyani sübutudur. 2018-ci ildə bu Fond yenidən təşkil edilərək Azərbaycan Respublikasının Gənclər Fondu adlandırılıb. Müasir dövrdə elmin və texnologiyanın sürətli inkişafı Azərbaycan dövlətinin gənclərlə bağlı zamanın tələblərinə uyğun siyasət yürütməsini zəruri edib. Bu zərurəti nəzərə alan dövlətimizin başçısı gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə 2015-ci il yanvarın 26-da “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də 2020-ci il sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi olmuşdur. Şanlı ordumuzun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclər adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazmışdır. Məhz onların rəşadəti sayəsində əldə olunan bu şanlı Zəfər sayəsində xalqımız 30 illik həsrətdən sonra tarixi torpaqlarına qovuşmuşdur. Sevindirici haldır ki, gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərərək ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında mühüm rol oynamışdır.
Əminliklə söyləmək olar ki, gənclərin ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər onların parlaq gələcəyini təmin edəcək. Gənclərin keyfiyyətli təhsil alması üçün xüsusi dövlət proqramları həyata keçirilir. Ölkədaxili təhsil sisteminin daha da təkmilləşdirilməsi və xaricdə təhsil imkanlarının genişləndirilməsi Azərbaycanın intellektual potensialının artırılmasına xidmət edir. Həmçinin, gənclərin işlə təminatı dövlətin prioritetlərindəndir. Bu məqsədlə innovativ layihələrə dəstək verilir, startap mədəniyyəti inkişaf etdirilir və gənclərin iş yerləri ilə təminatı üçün özəl sektorla sıx əməkdaşlıq edilir.
Müasir dövrün çağırışlarına cavab olaraq, ölkəmizdə innovasiya mərkəzləri və texnoloji parklar yaradılmışdır. Gənclərin rəqəmsal bacarıqlarının artırılması məqsədilə müxtəlif proqramlar reallaşdırılır. Müxtəlif layihələr vasitəsilə gənclər dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlərdə fəal iştirak edir, Azərbaycanın həqiqətlərini dünyaya çatdırır və qlobal platformalarda öz bilik və bacarıqlarını nümayiş etdirirlər. Dövlət gənclərin yalnız dəstəkçisi deyil, həm də tərəfdaşıdır. Gənclərin fikirlərinin dinlənilməsi, onların təşəbbüslərinə dəstək verilməsi və qərarların qəbulunda aktiv iştirakının təmin edilməsi bu siyasətin ən uğurlu aspektlərindəndir.
Dövlət gənclər siyasəti gənclərin sosial, iqtisadi və mədəni inkişafını təmin edərək onların cəmiyyətin lider qüvvəsinə çevrilməsinə şərait yaradır. Bu siyasət həm milli dəyərlərə, həm də qlobal çağırışlara cavab verməklə gəncləri ölkənin sabahkı inkişafının əsas qüvvəsi kimi formalaşdırır.