Xəbərlər
“Gəncliyimiz gələcəyimizdir”
Ağdam rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatı, Ağdam Rayon İcra Hakimiyyəti və Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağdam rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə “Gəncliyimiz gələcəyimizdir” adlı tədbir keçirilib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, Ağdam Rayon İcra Hakimiyyəti başçının müavini Xəqani Nəzərov və Qarabağ Regional Gənclər və İdman idarəsinin Ağdam rayonu üzrə gənclər və idman sektorunun müdiri Anar Əsgərov respublikamızda dövlətin gənclər siyasətinin əsaslarının Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə formalaşdığını deyiblər. Qeyd olunub ki, məhz həmin dövrdə Gənclər və İdman Nazirliyi yaradılıb, Azərbaycan Gənclərinin Birinci Forumu keçirilib. Ulu Öndər gənclərin vətənə sədaqət ruhunda formalaşmalı olduğunu qeyd edir, doğma torpağını qorumağı hər bir gənc üçün müqəddəs vəzifə kimi qiymətləndirirdi.
Diqqətə çatdırılıb ki, bu gün dövlət gənclər siyasəti Azərbaycanda gənc nəslin mənəviyyatca zəngin, vətənpərvərlik ruhunda tərbiyəsi, gənclərin hərtərəfli inkişafı və ölkə həyatında fəal iştirakı üçün mühüm zəmin yaradır.
O da vurğulanıb ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Sonra rayonun ictimai-siyasi həyatında fəal rol oynayan bir qrup gəncə fəxri diplom və fəxri fərmanlar təqdim edilib.