Xəbərlər
Gəncədə bələdiyyə seçkiləri 4 DSK üzrə 158 məntəqədə keçirilir
Ölkəmizdə keçirilən bələdiyyə seçkiləri ilə bağlı 39 saylı Gəncə ikinci, 40 saylı Gəncə üçüncü və 41 saylı Gəncə-Samux-Goranboy dairələri üzrə məntəqələrdə səsvermə keçirilir.
Gəncə şəhəri üzrə ümumilikdə 158 seçki məntəqəsi mövcuddur. Səsvermə hüququ olan vətəndaşların sayı 181 min 247 nəfərdir. Gəncə şəhər Kəpəz və Nizami bələdiyyələrinə, ümumilikdə, 38 üzv seçiləcək ki, bu yerlər üçün də 4 DSK üzrə 84 nəfər mübarizə aparır.
39 saylı Gəncə ikinci seçki dairəsinin 12 sayılı seçki məntəqəsinin sədri Qurban Qurbanov bildirib ki, səhər saat 08:00-dan start verilən seçki prosesində seçici aktivliyi müşahidə olunur. Məntəqə sədri deyib ki, seçicilərin rahat və şəffaf səs verməsi üçün lazımi şərait yaradılıb. Müraciət olunduğu halda daşınan qutu ilə seçicilərin səsvermə hüququndan istifadə etməsi təmin olunacaq.
Qeyd edək ki, 38 saylı Gəncə birinci seçki dairəsi üzrə 38 açıq və bir qapalı məntəqədə 53 minə yaxın vətəndaş qeydə alınıb. Onlardan 120 nəfər ilk dəfə səs verəcək. Seçkilərin şəffaflığını təmin etmək üçün bu məntəqələrdə 13 müşahidə kamerası quraşdırılıb.
39 saylı Gəncə ikinci seçki dairəsi üzrə 36 açıq və bir qapalı məntəqədə 51 mindən çox seçici qeydə alınıb. Onlardan 57 nəfər ilk dəfə səs verəcək.
40 saylı Gəncə üçüncü seçki dairəsi üzrə mövcud 38 məntəqədə 53 mindən çox vətəndaş qeydə alınıb. Bu dairədə səsvermə prosesinin monitorinqini təmin etmək üçün seçki məntəqələrində 10 müşahidə kamerası var.
41 saylı Gəncə-Samux-Goranboy seçki dairəsində 45 məntəqədə 49 mindən çox seçici qeydə alınıb. 108 nəfər ilk dəfə səsvermədə iştirak etmək hüququ qazanıb. Məntəqələrdə 8 müşahidə kamerası quraşdırılıb.
Qeyd edək ki, ölkə üzrə 08:00-da başlayan səsvermə prosesi saat 19:00-da başa çatacaq. Səsvermə 118 seçki dairəsinin 5846 seçki məntəqəsində keçirilir. 16 min 92 namizədin mübarizə apardığı səsvermədə 685 bələdiyyəyə 8 min 71 üzv seçiləcək. Səsvermə hüququ olan seçicilərin sayı 5 milyon 961 min 987 nəfərdir. Seçkiləri izləmək üçün 70 min 625 yerli müşahidəçi qeydiyyatdan keçib.
Səsvermənin şəffaflığını təmin etmək üçün 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Veb-kameralar quraşdırılmış seçki məntəqələrinin siyahısı media subyektlərində dərc olunub və MSK-nın internet səhifəsində yerləşdirilib.
Azərbaycanda mövcud olan 125 dairədən 7-si işğaldan azad edilmiş ərazilərdə yerləşdiyi üçün bu proseslərdə iştirak etmir. Ümumilikdə həmin dairələrdən başqa digər 4 dairədə də keçmiş məcburi köçkün vətəndaşlar var.