Xəbərlər
Seçicilərin sərbəst və şəffaf səs vermələri üçün lazımi şərait yaradılıb
Mil-Muğan və Şirvan-Salyan bölgəsində bələdiyyə seçkiləri üzrə səsvermə prosesi seçici fəallığı ilə müşahidə olunur.
Seçki məntəqələrində seçicilərin öz konstitusion hüquqlarını reallaşdırmaları üçün lazımi şərait yaradılıb. Mil-Muğan bölgəsində yerləşən 68 saylı Sabirabad-Şirvan seçki dairəsinin Dairə Seçki Komissiyasının sədri İlkin İmanovun verdiyi məlumata görə, dairə üzrə 59 seçki məntəqəsi var, onlardan 55 məntəqə Sabirabad rayonunda, 4 məntəqə isə Şirvan ərazisində fəaliyyət göstərir. Şirvan şəhərində bir, Sabirabadda isə altı məntəqədə seçki prosesi müşahidə kameraları ilə izlənilir. 48 min 443 nəfər seçici Sabirabad, 3 min 859 nəfər isə Şirvan üzrə olmaqla, ümumilikdə, seçki dairəsi üzrə 52 min 302 seçici qeydə alınıb. Onlardan 26 nəfəri ilk dəfə səsvermə hüququna malik olan seçicilərdir. 605 nəfər 80-100 yaş arasında olan seçicilərdir, 100-dən çox yaşı olan 3 seçici qeydə alınıb. Seçki dairəsi üzrə 205 namizəd qeydə alınıb. 9 bələdiyyə üzrə 109 nəfər seçiləcək.
67 saylı Sabirabad seçki dairəsinin Dairə Seçki Komissiyasının sədri Məstalı Nuriyev isə bildirib ki, dairə üzrə 50 məntəqədə səsvermə prosesi keçirilir. 54 min 740 nəfər seçici qeydə alınıb, onlardan 238 nəfəri ilk dəfə səsvermə hüququna malikdir. Seçki dairəsi üzrə 188 namizəd qeydə alınıb. 9 bələdiyyəyə 101 üzv seçiləcək. Seçki prosesini izləmək üçün 630 müşahidəçi qeydiyyatdan keçib.
48 min 8 seçicinin qeydə alındığı 66 saylı Saatlı seçki dairəsinin Dairə Seçki Komissiyasının sədri Arif Əliyevin verdiyi məlumata görə, onlardan 365 nəfəri ilk dəfə səsvermə hüququna malik olan seçicilərdir. Dairə üzrə 47 seçki məntəqəsi var, onun 7-də müşahidə kameraları mövcuddur. Dairə üzrə ən yaşlı seçicinin 106 yaşı var və 100-dən çox yaşı olan ümumilikdə 10 seçici qeydə alınıb. Bu seçki dairəsi üzrə 197 namizəd qeydə alınıb və 8 bələdiyyə üzrə 94 üzv seçiləcək. Seçki prosesini 590 nəfər müşahidəçi izləyir.
53 məntəqədə səsvermə prosesinin keçirildiyi 81 saylı İmişli seçki dairəsi üzrə 50 min 974 seçici qeydə alınıb. Dairə Seçki Komissiyasının sədri Ramil Nəsirovun sözlərinə görə, 225 namizəd mübarizə aparır. 7 bələdiyyə üzrə 81 nəfər üzv seçiləcək. Seçki prosesini izləmək üçün 830 müşahidəçi qeydə alınıb. Dairə üzrə ən yaşlı seçicinin 114 yaşı var.
Şirvan-Salyan bölgəsindəki seçki dairələrində də seçicilərin sərbəst və şəffaf səs vermələri üçün lazımi şərait yaradılıb. 64 saylı Salyan seçki dairəsinin dairə seçki komissiyasının sədri Fuad Muradov bildirib ki, dairənin əhatə etdiyi 48 seçki məntəqəsi üzrə 50 min 531 seçici qeydə alınıb. Namizədlərin sayı isə 199 nəfərdir və 9 bələdiyyə üzrə 103 üzv seçiləcək. O qeyd edib ki, seçki prosesini izləmək üçün 6 seçki məntəqəsində müşahidə kameraları quraşdırılıb. 261 nəfər ilk dəfə səs verəcək. Yaşı 100-dən çox olan seçicilərin sayı isə 5 nəfərdir. Prosesi izləmək üçün 520 müşahidəçi qeydə alınıb.
51 saylı Şirvan seçki dairəsinin dairə seçki komissiyasının sədri Taleh Ağayevlə də əlaqə saxladıq. Onun verdiyi məlumata görə, dairə üzrə 43 seçki məntəqəsində səsvermə keçirilir. 11 məntəqədə müşahidə kameraları quraşdırılıb. Seçki dairəsi üzrə 53 min 422 nəfər seçici qeydə alınıb ki, onlardan 338 nəfəri ilk dəfə səsvermə hüququna malik olan seçicilərdir. Prosesi 674 müşahidəçi izləyir. Burada 1 bələdiyyə üzrə 17 üzv seçiləcək.
Qeyd edək ki, ölkə üzrə 08:00-da başlayan səsvermə prosesi saat 19:00-da başa çatacaq. Səsvermə 118 seçki dairəsinin 5846 seçki məntəqəsində keçirilir. 16 min 92 namizədin mübarizə apardığı səsvermədə 685 bələdiyyəyə 8 min 71 üzv seçiləcək. Səsvermə hüququ olan seçicilərin sayı 5 milyon 961 min 987 nəfərdir. Seçkiləri izləmək üçün 70 min 625 yerli müşahidəçi qeydiyyatdan keçib.
Səsvermənin şəffaflığını təmin etmək üçün 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Veb-kameralar quraşdırılmış seçki məntəqələrinin siyahısı media subyektlərində dərc olunub və MSK-nın internet səhifəsində yerləşdirilib.
Azərbaycanda mövcud olan 125 dairədən 7-si işğaldan azad edilmiş ərazilərdə yerləşdiyi üçün bu proseslərdə iştirak etmir. Ümumilikdə həmin dairələrdən başqa digər 4 dairədə də keçmiş məcburi köçkün vətəndaşlar var.