Xəbərlər
Möhtəşəm uğurlara şahidlik edirik

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Lənkəran rayonu, Gərmətük bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə YAP-ın səlahiyyətli nümayəndəsi Yalçın Əliyev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qalib xalqın nümayəndələri kimi möhtəşəm uğurlara şahidlik edir və gələcəyə doğru inamla addımlayırıq. O, bütün sahələrdə aparılan islahatların müsbət nəticələr verdiyini qeyd edib.
Seçki qərargahının üzvü Fəxrəddin Caniyev və bələdiyyə üzvlüyünə namizədlər Tamerlan Rzayev, Nailə Əsgərova Yeni Azərbaycan Partiyasının fəaliyyətinin əsasında xalqa xidmət prinsipinin dayandığını diqqətə çatdırıblar. Bələdiyyə seçkilərinin ictimai-siyasi önəmindən bəhs edən natiqlər YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verərək hər kəsi fəal olmağa və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə çağırıblar.
Seçicilər isə qarşıdan gələn bələdiyyə seçkilərində YAP-ın namizədlərini dəstələyəcəklərini qeyd ediblər.
Qeyd edək ki, YAP-ın Boladı, Moloja, Mamusta, Sütəmurdov, Gəgiran və Səpnəkəran bələdiyyələri üzrə namizədləri seçicilərlə ayrı-ayrı ərazilərdə görüşlər də keçiriblər.