Xəbərlər
Ardıcıl nailiyyətlər, parlaq gələcək...

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Tərtər rayonu, Tərtər və Azadqaraqoyunlu bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov qeyd edib ki, Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər silsilə xarakter daşıyır və bugünkü uğurların ciddi ictimai-siyasi əsasları mövcuddur: “YAP çox böyük – zəngin və şərəfli yol keçib. Cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası milli məqsədlərə nail olunmasına layiqli töhfəsini verib və bu fəaliyyət hazırda inamla davam etdirilir. Ardıcıl uğurlar dövlətimizin gücünü daha da artırır. YAP öz səmərəli fəaliyyəti ilə ölkənin etibarlı və parlaq gələcəyinin təmin olunmasında müstəsna rol oynayır. Bir sözlə, Ulu Öndər Heydər Əliyevin bildirdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır”.
Seçki qərargahının üzvü Azər Ağayev, namizədlər Rafayıl Hüseynov və Xalis Zeynalov bələdiyyələrin inkişafı ilə əlaqədar görülən işlərlə yanaşı, yerli özünüidarəetmənin təkmilləşdirilməsi naminə qarşıda duran vəzifələri diqqətə çatdırıblar. Bildirilib ki, YAP-ın seçki proqramında bu məsələlərlə bağlı əsas hədəflər öz əksini tapıb. “YAP xalqımızın alternativsiz seçimidir”, - deyən natiqlər seçiciləri partiyanın namizədlərinə səs verməyə çağırıblar.