Xəbərlər
YAP Gədəbəy rayon təşkilatının yaranmasının 32-ci ildönümü qeyd edilib
Yeni Azərbaycan Partiyası (YAP) Gədəbəy rayon təşkilatının təsis edilməsinin 32-ci ildönümü qeyd edilib.
Bununla əlaqədar rayon ictimaiyyətinin nümayəndələri və partiya fəallarının iştirakı ilə Gədəbəy rayon Heydər Əliyev Mərkəzində dəyirmi masa təşkil edilib.
Tədbiri giriş sözü ilə açan YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev iştirakçıları təbrik edərək təşkilatın təsis olunduğu dövrün tarixi şəraiti, o zaman baş verən ictimai-siyasi hadisə və proseslər barədə məruzə ilə çıxış edib. O, bildirib ki, Yeni Azərbaycan Partiyası 21 noyabr 1992-ci il tarixində Naxçıvan şəhərində təsis edildikdən sonra Ulu Öndər Heydər Əliyevin şəxsiyyətinə sadiqlik nümunəsi olaraq 22 yanvar 1993-cü ildə məhz Gədəbəydə bu partiyanın rayon təşkilatı yaradılıb. Natiq ötən 32 illik müddət ərzində YAP Gədəbəy rayon təşkilatı üzvlərinin Heydər Əliyev ideologiyasına, Azərbaycan dövlətçiliyinə daim sədaqət nümayiş etdirdiklərini qeyd edib.
Gədəbəy Rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədov, “Mədəniyyət” ərazi partiya təşkilatının sədri Pərviz Bayramov, partiya veteranı Namiq Rüstəmov və digərləri Prezident, YAP-ın Sədri cənab İlham Əliyevin fəaliyyəti sayəsində partiyanın beynəlxalq aləmdə artan nüfuzundan söhbət açıblar. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının qazandığı bütün uğurlar xalqın bu təşkilata olan inamından irəli gəlir. Şərəfli inkişaf yolu keçən YAP ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayır, sıraları ildən-ilə genişlənir.