Xəbərlər
“Tarixi nailiyyətlər qazanmışıq!”
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şabran rayonu, Rəhimli bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında fəal rolundan danışıb. O bildirib ki, YAP bu günə kimi Azərbaycanın yüksəlişində mühüm rol oynayıb, bundan sonra da qarşıda duran hədəflərin reallaşdırılmasına öz töhfələrini verəcək: “Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan ölkədə keçirilən bütün seçkilərdə olduğu kimi, bu dəfə də inamlı qələbə qazanmaq əzmindədir”.
Milli Məclisin deputatı Mahir Süleymanlı qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlər ölkəmizə tarixi nailiyyətlər qazandırıb. “Sosial-iqtisadi və siyasi islahatların uğurlu nəticəsi olaraq dövlətimizin nüfuzu artıb, insanların sosial rifahı daha da yüksəlib”, - deyən millət vəkili seçiciləri növbəti dəfə Yeni Azərbaycan Partiyasına etimad göstərməyə dəvət edib.
Seçki qərargahının üzvü Seymur Qədəşov, bələdiyyə üzvlüyünə namizədlər Elvin Hüseynov, Əmircan Ocaqov və İkram Kərimov YAP-ın seçki proqramı haqqında ətraflı məlumat verərək hər kəsi seçkilərdə fəal iştirak etməyə çağırıblar.