Xəbərlər
Strateji müttəfiq: Azərbaycanın regional siyasəti
Mansur Quliyev
YAP Ağdam rayon təşkilatının sədri
Azərbaycan regional enerji təminatçısı və etibarlı iqtisadi tərəfdaş kimi böyük potensiala, eyni zamanda, böyük siyasi nüfuza malik olan qüdrətli dövlətdir. Bütün bu uğurlara Prezident İlham Əliyevin düşünülmüş xarici siyasət strategiyası nəticəsində nail olunub.
Yanvarın 17-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış etdilər. Görüşdə hər iki dövlət arasındakı siyasi-iqtisadi, enerji və nəqliyyat sahələrindəki əməkdaşlıq və gələcək perspektivlər müzakirə olundu. Həmin bəyanatlar iki qonşu dövlət arasında inkişaf prespektivləri baxımından çox mühüm əhəmiyyət kəsb edirdi.
Cənab İlham Əliyev bildirdi ki, “Bizim xalqlarımız əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşamışlar. Bu ənənələr bu gün də yaşayır. Bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Hesab edirəm ki, bizim siyasi əlaqələrimiz bütün qonşular üçün nümunə ola bilər. İqtisadi sahədə yaxşı nəticələr var. Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərmayə qoyub. Əlbəttə, bu onu göstərir ki, hökumətinizin uğurlu iqtisadi siyasəti, sərmayələrin cəlb edilməsi, Gürcüstanda olan çox müsbət sərmayə iqlimi bütün investorları həvəsləndirir. O cümlədən Azərbaycan investorları da böyük həvəslə Gürcüstana öz sərmayələrini qoyurlar...”.
Xüsusilə qeyd etmək lazımdır ki, bu gün Azərbaycan-Gürcüstan münasibətləri yüksələn xətt üzrə inkişaf etməklə yeni yeni uğurlara imza atmaqdadır.
Azərbaycanın dünyanın bir sıra inkişaf etmiş dövlətləri ilə enerji sahəsində əməkdaşlıq əlaqələrinin mövcudluğu böyük əhəmiyyətə malikdir.
Hazırda Azərbaycan dünyanın enerji təhlükəsizliyi sahəsində əhəmiyyətli rola malikdir. Eyni zamanda, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu və əhəmiyyəti istər regional, istərsə də beynəlxalq miqyasda günbəgün artmaqdadır.
Dövlətimiz beynəlxalq münasibətlər sistemində aparıcı mövqeyə malikdir və milli dövlətçilik maraqları çərçivəsində dünya birliyinə uğurla inteqrasiya etməkdədir. Həmçinin, müstəqil xarici siyasət aparan Azərbaycan Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən yararlanaraq uğurlarının miqyasını gündən-günə artırmaqdadır. Artıq bu gün Azərbaycan bölgədə neft-qaz ixracatçısı kimi və lider dövlət olaraq etibarlı strateji tərəfdaş mövqeyini nümayiş etdirir.