YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Dərin köklərə söykənən dostluq

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Qonşu olduğumuz və müstəqilliyin əldə olunmasından indiyədək dostluq münasibətlərimizi, qarşılıqlı əməkdaşlığı uğurla davam etdirdiyimiz dövlətlərdən biri də Gürcüstandır. Gürcüstan ilə əlaqələrimiz strateji əhəmiyyət daşıyır. 1996-cı ildə  imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” bu əməkdaşlığın əsası kimi dəyərləndirilir.

Digər mühüm məqam  Azərbaycanın həyata keçirdiyi böyük enerji layihələrinin ilk dayanacağı Gürcüstandır. Azərbaycan nefti və qazı məhz Gürcüstandan keçməklə Avropa bazarlarına çatdırılır. Yanvarın 17-də ölkəmizdə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata birgə bəyanatında dövlətimizin başçısı İlham Əliyev iki dost, qardaş ölkənin birgə iradəsi əsasında həyata keçirilən enerji və nəqliyyat layihələrindən bəhs etdi.

Azərbaycan və Gürcüstanın enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələr nəinki ikitərəfli əməkdaşlığımızın inkişafına xidmət edir, hətta regionun hüdudlarını aşaraq qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır. Belə ki, Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır. Cənab İlham Əliyev sözügedən bəyanatında qeyd etdi ki, energetika sahəsindəki iki ölkə arasındakı əməkdaşlıq həm ölkələrimiz üçün, həm daha böyük, geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır. Birgə həyata keçirdiyimiz neft-qaz layihələri bu gün bir çox ölkələrin enerji təhlükəsizliyinin əsasını təşkil edir. Təkcə onu demək kifayətdir ki, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, ildən-ilə ixrac artır: “Keçən il bu, 25 milyard kubmetrə çatmışdır və bunun 10 faizi - ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür. Mənə verilən məlumata görə, Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir. Yəni, bu, doğrudan da çox böyük, xüsusi əhəmiyyətə malik olan layihədir və getdikcə bizim qaz ixrac coğrafiyamız genişlənəcək. Bizim yeni qaz yataqlarımız bu il işə düşəcək. Gələn il, ondan sonrakı illər üçün də yeni kəşf edilmiş yataqlar mövcuddur. Ona görə getdikcə təbii qazın ixracı artmalıdır və artacaq”.

Avropa qitəsində Azərbaycan qazına olan tələbatın ildən-ilə artacağı, Gürcüstanın tranzit ölkə kimi bu layihələrdə vacib rol olduğu vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, Gürcüstanda nəqliyyat infrastrukturunun genişləndirilməsi layihəsi icra edilir. Azərbaycanda da bu layihələr, o cümlədən nəqliyyat infrastrukturunun rəqəmsallaşdırılması layihəsi icra olunur: “Yəni, biz bu işləri paralel apararaq təbii ki, həm ölkələrimiz və xalqlarımız, həm də qonşularımız üçün çox əvəzolunmaz xidmətlər göstəririk”.

Azərbaycan və gürcü xalqları arasında dostluq əlaqələri çoxəsrlik dərin köklərə söykənir. 1992-ci ildən başlayan iki ölkə arasındakı diplomatik münasibətlər, xüsusilə, Ümummilli Lider Heydər Əliyevin və Gürcüstan Prezidenti Eduard Şevardnadzenin yaxın dostluq əlaqələri nəticəsində  yüksək zirvəyə çatmışdı. Ümummilli Lider Heydər Əliyevin və Eduard Şevardnadzenin əsasını qoyduğu strateji əməkdaşlıq hazırda möhkəm təmələ söykənərək  bütün istiqamətlər üzrə daha da inkişaf etdirilir. Hər iki ölkənin də tarixi İpək yolu üzərində yerləşməsi qitələri birləşdirən yeni nəqliyyat layihələri üçün geniş perspektivlər vəd edir. Gürcüstandan keçən və uğurla həyata keçirilən  layihələr bərpa olunan enerji resursları ilə zəngin olan ölkələrin yaşıl enerji sahəsində də birgə əməkdaşlığına böyük stimuldur.

Reallıq budur ki, Azərbaycan-Gürcüstan münasibətləri daim yüksək səviyyədə olub. Dövlətlərarası əlaqələrimizin zəngin tarixi var. Ölkələrimiz arasında parlamentlər səviyyəsində də fəal əməkdaşlıq əlaqələri mövcuddur. Hər iki ölkənin qanunverici orqanlarında dostluq və işçi qrupları var. Azərbaycan ilə Gürcüstan arasında beynəlxalq təşkilatlar çərçivəsində də qarşılıqlı dəstək təcrübəsi var. Tərəflər bütün sahələrdə əməkdaşlığı daha da dərinləşdirmək əzmindədirlər.