Xəbərlər
Yeni və daha mütərəqqi dəyərlər
Anar Məmmədov
Milli Məclisin deputatı
Cənubi Qafqazın lider dövləti kimi çıxış edən Azərbaycan öz çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ilə beynəlxalq miqyasda əməkdaşlıq və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir. Regionda sabitləşdirici aktor kimi çıxış edən Azərbaycan xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Bu xüsusda Azərbaycanın xarici siyasət kursunda Gürcüstan ilə qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətlər böyük əhəmiyyət daşıyır. Ümumiyyətlə, Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafı bütövlükdə regionun tərəqqisi, həmçinin bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından önəm daşıyır. Öz növbəsində, Gürcüstan da Azərbaycanla çoxşaxəli əməkdaşlığı öz milli maraqlarına müvafiq hesab edir və tərəfdaşlığın genişləndirilməsi niyyətində olduğunu bildirir. Bütövlükdə, Gürcüstan-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur.
Bu gün Azərbaycan və Gürcüstan istər regional, istərsə də beynəlxalq səviyyədə birgə üzv olduqları bütün təşkilatlarda qarşılıqlı şəkildə bir-birlərinin mövqelərini dəstəkləyirlər. BMT Baş Assambleyasının 2020-ci (3 sentyabr), 2021-ci (17 iyun) və 2022-ci ildə (8 iyun) keçirilmiş sessiyalarında “Abxaziya (Gürcüstan) və Cənubi Osetiyadan (Gürcüstan) məcburi köçkün və qaçqınların vəziyyəti barədə” qətnamələrə dair səsvermə zamanı Azərbaycanın sözügedən sənədin lehinə səs verməsi qeyd etdiyimiz məqamı təsdiqləyən xüsuslardan yalnızca biridir.
Tarix boyu Azərbaycan və Gürcüstanın mövcud ərazilərində yaranmış müxtəlif dövlətlər kimi müstəqillik qazandıqdan az bir müddət sonra Azərbaycan Respublikası ilə Gürcüstan arasında da diplomatik əlaqələr qurulmuşdur; 1995-ci ildə Gürcüstanın Azərbaycanda, bir il sonra isə Azərbaycanın Gürcüstanda səfirliyi fəaliyyətə başlamış, 2009-cu ildə Azərbaycanın Gürcüstanın Batumi şəhərində baş konsulluğu, 2013-cü ildən etibarən isə Gəncə şəhərində Gürcüstanın baş konsulluğu açılmışdır.
Ölkələr arasında təşkil olunan rəsmi səfərlərin intensivliyi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə Gürcüstana səfərləri, Gürcüstanın dövlət və hökumət başçılarının Azərbaycana səfərləri, parlamentlərarası işçi qruplarının, hökumət nümayəndələrinin mütəmadi olaraq görüşlər keçirməsi – dövlət rəsmilərinin bu əlaqələrə necə çox önəm verdiyinə bir sübutdur.
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin yanvarın 17-də ölkəmizə səfəri də bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev mətbuata bəyanatla etdiyi çıxışında bu səfərin qonşu ölkədə keçirilmiş parlament seçkilərindən sonra Gürcüstanın Baş nazirinin etdiyi ilk xarici səfər olduğunu xüsusi qeyd etdi. Gürcüstanın Baş naziri İrakli Kobaxidze də iki ölkə arasında əlaqələrin səviyyəsini yüksək qiymətləndirərək, ölkələrimiz arasında misilsiz dostluq əlaqələri və sıx münasibətlər olduğunu, həmin münasibətlərin tarixi əlaqələrimizə və qarşılıqlı hörmətə əsaslandığını, müasir dövrdə isə həyata keçirilən qlobal layihələrin iki ölkənin siyasi çəkisini dünya miqyasında daha da artırmaqda olduğunu vurğuladı.
Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin mətbuata verdiyi birgə bəyanatda toxunduğu vacib məsələlərdən biri də Orta Dəhliz layihəsi ilə bağlı oldu. Azərbaycan və Gürcüstan Orta Dəhliz layihəsində yaxın tərəfdaşlar kimi fəaliyyət göstərir. Hər iki ölkənin müvafiq qurumları koordinasiya şəklindəki fəaliyyəti bu layihənin də uğurla başa çatmasına zəmin yaradacaq. Sözsüz ki, bu vacib layihənin reallaşması Azərbaycanla Gürcüstanla yanaşı digər qonşu və tərəfdaşlar üçün də mühüm önəm kəsb edir. Çünki bu layihə böyük coğrafiyanı əhatə edir. Məlum olduğu kimi, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir və bu ixracın həcmi ildən-ilə artır. Bununla paralel olaraq, ölkələrimiz birlikdə yaşıl enerji layihələrini də həyata keçirirlər. Eyni zamanda, cənab Prezident İlham Əliyev Orta Dəhliz layihəsinin Gürcüstanın Baş naziri ilə təkbətək görüş əsnasında müzakirə edildiyini bildirdi. Qeyd olundu ki, ölkələrimiz bu layihə çərçivəsində də yaxın tərəfdaşlar kimi fəaliyyət göstərirlər və yenə də Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayırlar. Məhz bu istiqamətdə hər iki ölkədə zəruri işlər görülür, nəqliyyat infrastrukturunun genişləndirilməsi layihələri icra edilir. Əlbəttə, bütün bunlar Gürcüstan-Azərbaycan münasibətlərinin dinamik, davamlı inkişafa malik olduğunu göstərir.