Xəbərlər
20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı dəyirmi masa təşkil olunub
Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatı tərəfindən “20 Yanvar faciəsinin dünya ictimaiyyətinə çatdırılması və hüquqi qiymətin verilməsində Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa təşkil olunub.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov bildirib ki, Azərbaycan xalqının haqq-ədalətin bərqərar edilməsi uğrunda səsini hiddətlə ucaldaraq imperiya buxovlarından birdəfəlik qurtulmağa can atmasından təşvişə düşən SSRİ rəhbərliyi, əslində, Sovet totalitar rejiminin süqutunu daha da sürətləndirən müdhiş cinayətə əl atıb: “Mərkəzi hakimiyyət 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə beynəlxalq hüquq normalarını və ölkə qanunlarını büsbütün tapdalayaraq, əhalini xəbərdar etmədən Bakı şəhərində fövqəladə vəziyyətin tətbiqinə başlayıb. Sovet Ordusu hissələrinin, xüsusi təyinatlı dəstələrin, daxili qoşunların iri kontingentinin və hətta SSRİ-nin ermənilərin sıx yaşadığı digər regionlarından olan ehtiyatdakı hərbçilərin iştirakı ilə həyata keçirilmiş hərbi təcavüz nəticəsində paytaxtda dinc əhaliyə divan tutulub, yüzlərlə insan qətlə yetirilib, yaralanıb və itkin düşüb”.
YAP veteranı Tahir Bayramov, ərazi partiya təşkilatının sədri Məhəmməd Şahbazov, rayon ziyalıları Sədaqət Məhərrəmova və Hüseyn Səfərov bildiriblər ki, Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən otuz beş il keçir. Qeyd olunub ki, xalqımız hələ də bu faciənin ağrı-acısı ilə yaşayır. Həmin qətliamdan bir gün sonra, yanvarın 21-də xalqımızın Dahi Lideri Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək Bakıda kütləvi qırğın törətmiş SSRİ hakimiyyətini və Azərbaycanın yarıtmaz rəhbərliyini kəskin ittiham edən bəyanat verib. Azərbaycan xalqının məruz qaldığı bu dəhşətli və amansız terroru dünyanın mütərəqqi qüvvələri də qətiyyətlə pisləyib.
Vurğulanıb ki, Azərbaycanda vaxtında dərindən araşdırılmayan və adekvat qiymətini almayan faciəyə yalnız bir neçə il sonra Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib.