Xəbərlər
YAP siyasi sistemin aparıcı qüvvəsi
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şəki rayonu Baş Layısqı və Aşağı Göynük bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə çıxış edən YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov qeyd edib ki, YAP ölkənin ən güclü siyasi təşkilatlarından biri kimi bələdiyyə seçkilərinə ciddi hazırlıq prosesi həyata keçirir. Bu seçkilər Azərbaycanın demokratik inkişafı və seçki ənənələrinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Təbliğat qrupunun üzvləri Ziyadxan Salmanov, Ramiz Bədiyev, bələdiyyə üzvlüyünə namizədlər Samir Xəlilov, Sevil İbrahimova, Namiq Həsənov qeyd ediblər ki, yarandığı vaxtdan iştirak etdiyi bütün seçkilərdə qələbələr qazanan YAP daim xalqın mənafeyindən çıxış edib və bu gün siyasi sistemin aparıcı qüvvəsi kimi ölkəmizə mühüm nailiyyətlər qazandırmaqdadır.
Görüşlər zamanı seçicilər İsmayıl Əhmədov, Elnarə Mustafayeva YAP-ın fəaliyyətini dəstəklədiklərini və bələdiyyə seçkilərində partiyanın namizədlərinə səs verəcəklərini vurğulayıblar.