YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub

Samir Baxşiyev

YAP Siyəzən rayon təşkilatının sədri

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycan dövlətinin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra keçirilən ilk qurultay kimi xüsusi tarixi əhəmiyyət daşıyırdı. Yeni Azərbaycan Partiyasının VIII Qurultayı həmçinin partiyanın keçdiyi 30 ildən artıq müddətə nəzər salmaq və yeni mərhələnin vəzifələrini müəyyənləşdirmək baxımından əhəmiyyətli hadisədir. Qurultayda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev geniş nitq söyləyərək Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər salmaqla əldə olunan nailiyyətləri qeyd etmiş və qarşıda duran əsas vəzifələri müəyyənləşdirməsi baxımından mühüm mesajlar verdi.

Prezident İlham Əliyevin çıxışında mühüm yer tutan məsələlərdən biri Azərbaycanın dövlət müstəqilliyinin və milli dövlətçilik xəttinin qorunması oldu. Dövlət başçısı vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun əsas mahiyyəti dəyişməz olaraq qalır. Bu kursun başlıca istiqamətləri müstəqilliyin, dövlətçiliyin, iqtisadi müstəqilliyin və güclü hərbi potensialın təmin edilməsidir.

Qurultayda Azərbaycanın əldə etdiyi tarixi Zəfərin əhəmiyyəti də xüsusi vurğulanıb. Cənab Prezident qeyd edib ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. 8 Noyabr – Zəfər Günü ilə yanaşı, 20 Sentyabr tarixinin də Azərbaycanın müasir tarixində mühüm yer tutduğu diqqətə çatdırılıb. Dövlət başçısının sözlərinə görə, 20 sentyabr 2023-cü ildə separatizmə son qoyulması və Azərbaycanın suverenliyinin tam bərpa olunması ölkənin tarixində mühüm mərhələdir.

Prezident İlham Əliyevin çıxışında qarşıdakı dövr üçün əsas prioritetlərdən biri kimi Azərbaycanın müdafiə və hərbi qüdrətinin daha da artırılması göstərilib. Dövlət başçısı dünyada və regionda baş verən proseslərin fonunda ölkənin daim güclü və təhlükəsiz olmasının vacibliyini vurğulayıb. Bu yanaşma Azərbaycanın əldə etdiyi sülh və sabitliyin qorunması ilə yanaşı, dövlətin öz təhlükəsizliyini təmin etmək imkanlarının davamlı şəkildə gücləndirilməsi məsələsini önə çıxarır.

Dövlət başçısının çıxışında diqqət çəkən istiqamətlərindən biri də milli təhlükəsizlik anlayışının yalnız hərbi təhlükəsizliklə məhdudlaşmadığının vurğulanması oldu. Cənab Prezident ideoloji təhlükəsizliyin də mühüm əhəmiyyət daşıdığını qeyd edib. İnformasiya texnologiyalarının, internetin və süni intellektin sürətlə inkişaf etdiyi müasir dövrdə cəmiyyətin yad və manipulyativ informasiya təsirlərindən qorunmasının vacibliyi diqqətə çatdırılıb. Bu baxımdan Prezident təhsili, savadlılığı və vətənpərvərliyi mühüm amillər kimi qeyd edib. Dövlət başçısının çıxışından irəli gələn əsas mesajlardan biri budur ki, müasir informasiya mühitində cəmiyyətin dayanıqlılığının təmin olunmasında maarifləndirmə və düzgün informasiyanın vətəndaşlara çatdırılması xüsusi əhəmiyyət daşıyır.

Qurultayda Azərbaycanın beynəlxalq mövqelərinə də geniş yer verilib. Cənab Preziden Azərbaycanın beynəlxalq müstəvidə böyük hörmətə malik ölkəyə çevrildiyini bildirib və ölkənin iqtisadi müstəqilliyinin təmin edildiyini vurğulayıb. Azərbaycanın müxtəlif dövlətlərlə çoxşaxəli münasibətlər qurması və milli maraqlarını qoruyan müstəqil xarici siyasət həyata keçirməsi də çıxışın əsas mövzularından olub.

İqtisadi inkişaf və sosial siyasət məsələləri də Prezidentin çıxışında mühüm yer tutub. Dövlət başçısı növbəti dövrdə minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılması ilə bağlı tapşırıqlar verildiyini bildirib. Eyni zamanda iqtisadi inkişafın davamlı olması üçün investisiyaların əhəmiyyətini qeyd edib. 2025 və 2026-cı illərdə keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumlarında imzalanmış investisiya müqavilələrinin ümumi həcminin 20 milyard ABŞ dollarından çox olduğu diqqətə çatdırılıb.

Prezident İlham Əliyevin VIII Qurultayda çıxışı Yeni Azərbaycan Partiyasının qarşısında duran vəzifələrə də xüsusi diqqət yetirilməsi ilə səciyyələnib. Dövlət başçısı partiyanın ideoloji fəaliyyətinin müasir dövrün tələblərinə uyğun qurulmasının vacibliyini bildirib. YAP üzvlərinin əsas vəzifələrindən biri Azərbaycanın əldə etdiyi nailiyyətlər, dövlətçilik siyasəti və ölkədə həyata keçirilən genişmiqyaslı işlər barədə cəmiyyətə düzgün və dolğun məlumat çatdırmaqdır. Bu baxımdan YAP-ın VIII Qurultayının mesajlarını yalnız partiyadaxili fəaliyyətlə məhdudlaşdırmaq olmaz. Qurultay Azərbaycanın yeni reallıqlar şəraitində qarşıya qoyduğu məqsədləri və prioritetləri də nümayiş etdirir. Ərazi bütövlüyünün və suverenliyin bərpasından sonra əsas məsələ əldə edilmiş nəticələrin qorunması, ölkənin təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, iqtisadi inkişafın davam etdirilməsi və sosial rifahın yüksəldilməsidir.

Dövlət başçısının çıxışında səsləndirdiyi mesajlar Azərbaycanın qarşıdakı mərhələdə də müstəqil dövlətçilik xəttini davam etdirəcəyini göstərir. Güclü dövlət, dayanıqlı iqtisadiyyat, yüksək müdafiə qabiliyyəti, milli birlik, vətənpərvərlik və müasir ideoloji fəaliyyət qarşıdakı dövrün mühüm istiqamətləri kimi önə çıxır.

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Azərbaycanın yeni tarixi reallıqları fonunda qarşıdakı dövr üçün mühüm istiqamətləri ortaya qoydu. Ərazi bütövlüyü və suverenliyi tam təmin edilmiş Azərbaycanın qarşısında indi daha güclü, təhlükəsiz, iqtisadi cəhətdən dayanıqlı və beynəlxalq nüfuzu yüksək dövlət kimi inkişafını davam etdirmək vəzifəsi dayanır.