Xəbərlər
Seçicilər dinamik inkişafı dəstəkləyirlər
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Lerik rayonu Şingədulan bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Lerik rayon təşkilatının sədr müavini Elnur Məmmədov rayon təşkilatının həyata keçirdiyi fəaliyyətlər haqqında məlumat verib. O, qarşıdan gələn bələdiyyə seçkilərinin əhəmiyyətini vurğulayaraq, ölkə Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin nəticəsində gənclərin idarəetmə orqanlarında və seçki proseslərində iştirakının artdığını qeyd edib. Təşkilat sədri YAP-ın bələdiyyə üzvlüyünə namizədlər arasında da gənclərin üstünlük təşkil etdiyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən seçki qərargahının üzvü Elman Rəcəbov, Veysəl Məlikov və bələdiyyə üzvlüyünə namizədlər Əhməd Əhmədov, Hikmət Səadətov, Paşa Şirinov, Niyammədin İsayev və digərləri bildiriblər ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən dövlətimizin inkişafı və xalqımızın əmin-amanlıq içində yaşaması uğrunda mühüm töhfələr verib. Seçicilər adından çıxış edən Həmid Mirzəyev isə hamılıqla seçki günü məntəqələrə gedərək, Yeni Azəbaycan Partiyasının irəli sürdüyü namizədlərə səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, YAP Lerik rayon təşkilatının sədr müavini Elnur Məmmədov, seçki qərargahının üzvləri Elman Rəcəbov və Veysəl Məlikov, Lerik rayonu, Blaband bələdiyyəsi üzrə namizədlər Aysel Nurizadə, Telman Ağayev və Əliabad bələdiyyəsi üzrə namizəd Rövşəd Dadiyev ərazilərdə seçicilərlə görüşlər keçiriblər.