YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ-ın “The Daily Caller” qəzetində Azərbaycanın Los-Ancelesdəki baş konsulunun məqaləsi dərc edilib

ABŞ-ın “The Daily Caller” qəzetinin 5 oktyabr tarixli nömrəsində Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin “Qaçqın böhranının həllində kiçik ölkənin təcrübəsindən dərs götürmək” adlı məqaləsi dərc edilib.

Məqalədə bildirilir ki, bir müddət əvvəl Aralıq dənizi sahillərində acınacaqlı şəkildə həlak olan suriyalı azyaşlı Aylanın dəhşətli fotoları bütün dünyanı silkələdi və Avropanı qəflət yuxusundan oyanaraq bu humanitar faciənin miqyasını dərk etməyə vadar etdi. Müəllif vurğulayır ki, buna baxmayaraq, hələ də Avropada bəzi siyasətçilər və hökumətlər problemin həlli yollarını çarəsiz qaçqınlara qarşı hasarların inşasında və ya gözyaşardıcı qazlardan istifadədə görərək məsuliyyətdən imtina edirlər. Bunun yanlış olduğunu bildirən baş konsul belə bir zamanda hər şeydən öncə mərhəmət hisslərinin üstün gəlməli olduğunu qeyd edir, bu baxımdan Azərbaycanın təcrübəsinin faydalı olacağını diqqətə çatdırır.

Məqalədə bildirilir ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və xalqımıza qarşı etnik təmizləmə aparması nəticəsində 1 milyona yaxın azərbaycanlı öz tarixi torpaqlarından didərgin salınıb. Azərbaycan əraziləri ilə yanaşı, Ermənistandan da böyük sayda azərbaycanlı əsrlərlə yaşadığı torpaqlarından zorla çıxarılıb. Diplomat azərbaycanlılarla yanaşı, həmin dövrdə Orta Asiyadan didərgin düşən 50 minə yaxın Axısxa türkünə də Azərbaycanda sığınacaq verildiyini yazaraq bütün qaçqın və məcburi köçkünlərin ovaxtkı Azərbaycan əhalisinin təxminən 15 faizini təşkil etdiyini diqqətə çatdırır.

Həmin illərdə SSRİ-dən ayrılaraq müstəqilliyini yenicə elan etmiş Azərbaycanın böyük siyasi-iqtisadi çətinliklərlə üzləşdiyini bildirən müəllif yazır: “Beynəlxalq ictimaiyyətdən yardımlar gəlsə də kifayət etmirdi. Məcburi köçkünlər elektriksiz, susuz, məktəbsiz və tibbi xidmətləri qeyri-kafi olan çadır düşərgələrində məskunlaşmışdılar. Həmin məcburi köçkünlər arasında uşaqlıq dövrləri məhv olmuş, arzuları parçalanmış və həyatın fürsətlərindən məhrum olmuş yüz minlərlə uşaq – Azərbaycan vətəndaşlarının böyük bir nəsli yer alırdı. Ancaq Azərbaycan hökuməti onlardan üz çevirmədi, ən zəruri ehtiyaclarından başlayaraq onlara qayğı göstərməyi davam etdirdi”.

Müəllif 2007-ci ildə Azərbaycanda sonuncu məcburi köçkün düşərgəsinin ləğv edildiyini, məcburi köçkünlərin hökumət tərəfindən tikilmiş, bütün lazımi şəraiti olan qəsəbələrə köçürüldüyünü, Ermənistandan və Orta Asiyadan olan qaçqınlara Azərbaycan tərəfindən vətəndaşlıq hüququnun verildiyini vurğulayır. O vurğulayır ki, bütün bu işlərin arxasında ilk növbədə Azərbaycanın nümayiş etdirdiyi mərhəmət hissi və əzmkarlıq dayanır.

Diplomat, həmçinin qeyd edir ki, azərbaycanlı məcburi köçkünlər öz doğma torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.

Sonda müəllif bildirir ki, hazırda Yaxın Şərqdə cərəyan edən qanlı hadisələr fonunda meydana gələn qaçqınlar problemi ilə mübarizədə və bu bəşəri faciənin aradan qaldırılmasında Azərbaycan nümunəsi Avropa üçün ilham qaynağı ola bilər.