Xəbərlər
Ədalətli və qətiyyətli addımlar

David İbramxəlilov
YAP Qusar rayon təşkilatının sədri
AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən “Embraer 190 AR” təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması xəbəri aviasiya aləmini şoka saldı. Təyyarədə olan 67 nəfərdən 29-u ekipajın çevik hərəkətləri və hava gəmisinin konstruksiya xüsusiyyətləri sayəsində sağ qalıb. Qəzanın rəsmi səbəbləri müəyyən mənada açıqlanıb, sərnişinlərin bir qisminin xilas edilməsində ekipajın qərarlarının və addımlarının mühüm rol oynadığı artıq aydındır.
Sosial şəbəkələrdə yayılan videogörüntülərdə insanları xilas etmək üçün əlindən gələni edən pilotların əsl qəhrəmanlıq və peşəkar hərəkətləri əks olunub. Bu barədə kifayət qədər yazılıb, şahidlər danışdırılıb və təyyarənin gövdəsində olan qəlpə yerləri belə ictimaiyyətə video-fotolarla göstərilib. Ən dolğun və ətraflı məlumatları isə Prezident İlham Əliyev Azərbaycan Televiziyasına verdiyi müsahibədə bildirib. AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində görülmüş təxirəsalınmaz işlərdən danışan dövlətimizin başçısı deyib ki, “Mən Sankt-Peterburqa MDB Zirvə görüşünə uçarkən Bakı-Qroznı istiqaməti üzrə marşrutu yerinə yetirən AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması barədə məlumatlandırıldım, dərhal göstəriş verdim və təyyarə geri - Bakıya döndü. Bakıya gələn kimi burada hava limanında operativ müşavirə keçirdim. Hələ Bakıya qayıdarkən mənim göstərişimlə Dövlət Komissiyası yaradılmışdır və müvafiq qurumların nümayəndələrindən ibarət heyət Aktau şəhərinə dərhal ezam edilmişdir. Çünki onlar dərhal işə başlamalı idilər. İlk növbədə, təyyarənin qalıqlarının vəziyyəti ilə tanış olmalı idilər, yerində müşahidə aparmalı idilər, video və fotomateriallar əldə etməli və onları ictimaiyyətə təqdim etməli idilər. Eyni zamanda, Azərbaycan həkimlərindən ibarət qrup ezam edilmişdi. Baxmayaraq ki, Qazaxıstan tərəfi yaralıları sağaltmaq və onlara tibbi xidmət göstərmək üçün əlindən gələni əsirgəmirdi. Eyni zamanda, mənim göstərişimlə Azərbaycan Baş Prokurorluğu cinayət işi açmışdır və bilirəm ki, həm Qazaxıstanda, həm Rusiyada oxşar addımlar atılmışdır”.
Cənab İlham Əliyev bildirib ki, “Təbii olaraq ilkin versiyalar üzərində iş başladı. Əlbəttə, son versiya “qara qutu”lar açılandan sonra bəlli olacaq. Ancaq ilkin versiyalar da kifayət qədər əsaslıdır və faktlara söykənir. Faktlar isə ondan ibarətdir ki, Azərbaycanın mülki təyyarəsi Rusiya ərazisində, Qroznı şəhərinin yaxınlığında xaricdən zədə almış və idarəetməni demək olar ki, itirmişdir. Onu da bilirik ki, təyyarəmiz radioelektron mübarizə vasitələri tərəfindən idarəolunmaz vəziyyətə salınmışdır. Bu, təyyarəyə yetirilən birinci xətərdir. Eyni zamanda, yerdən açılan atəş nəticəsində təyyarənin quyruq hissəsi də böyük dərəcədə zədələnmişdir və dərhal, elə həmin gün bizim heyətimiz Aktau şəhərində artıq o videomaterialları təşkil edəndə ictimaiyyət də bu məsələ ilə məlumatlandırıldı. Füzelyajın dəlik-deşik olması, əlbəttə, göstərir ki, bilmirəm, ilkin olaraq kimin tərəfindən atılmış quş versiyası tamamilə gündəlikdən çıxarıldı...”.
Müsahibədə dövlət başçısı Azərbaycanın maksimum ədalətli olmağa çalışmasından, pilotların və bütün ekipajın böyük qəhrəmanlığından, Qazaxıstanın dəstəyi və həmrəyliyindən, AZAL-ın Rusiyanın bəzi şəhərlərinə uçuşları dayandırmasından və Azərbaycanın Rusiyadan tələblərindən də ətraflı bəhs edib.
Prezident İlham Əliyev mülki aviasiya qəzasının təfərrüatlarının araşdırılacağını və Azərbaycanın tələblərinin yerinə yetirilməsinin vacib olduğunu qeyd edib. O, həmçinin, Azərbaycanın digər dövlətlərdən gözlədiyi ədalətli yanaşmanı və hadisənin tam açıqlığının təmin edilməsini vurğulayıb. AZAL-ın təhlükəsizlik tədbirlərinin davam etdiriləcəyini və uçuşların bərpa olunması məsələsinin vəziyyətə görə təhlil ediləcəyini əlavə edib.